Bu gün Azərbaycanın ən uzun gecəsidir – Çillə

İlin son fəsli olan qış təsərrüfat işlərində mühüm rol oynamasa da, xalq etiqadlarında, adət və ənənələrində, inamlarda Çillə mərasimlərinə aid zəngin materiallara rast gəlirik.

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov müsahibəsində bildirib ki, qış fəsli xalq təqviminə uyğun olaraq çillə adı ilə üç yerə bölünüb. Böyük çillə 40 gün (21 dekabr – 30 yanvar), kiçik çillə 20 gün (31 yanvar – 20 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral – 20 mart) olur.

Qırx günün ilk gecəsi…

Onun sözlərinə görə, Çillə bayramı, Çillə gecəsi payız fəslinin sonu, qış girən günü, yəni dekabr ayının 20-si gecəsi qeyd edilir. Çillə gecəsi ilin ən uzun və qışın başlanğıc gecəsidir. Mənbələrdə qeyd edilir ki, çillə “çehil” sözündəndir, mənası “qırx” deməkdir. Xalq arasında ağırlıq anlamında başa düşülür. Çillə dərd, kəramət, xəstəlik mənasında qəbul edildiyindən onun girməsi dərdin, çətinliyin gəldiyinə işarədir. Çillə bayramının erkən çağlar “sırağan” yaxud “çırağan” olduğu da göstərilib. Qeyd edək ki, doğumla bağlı inam və adətlərdə “çilləli”, “çillə kəsmək”, “çillə basdı” kimi sözlərə də rast gəlirik ki, bu da müəyyən xəstəliklər, qarın yağması ilə yaranan çətinliklərlə bağlıdır.

Bolluq, bərəkət rəmzi olan “Çillə qarpızı”

“Çillə bayramını xalqımız xüsusi qeyd edər, bu bayrama hələ bir neçə gün əvvəldən hazırlıq görərdilər. Bayram günü, demək olar ki, bütün evlərdə “çillə qarpızı” kəsilərdi. Qarpız çillə gecəsinin ən gözəl payı hesab olunur. Əksər ailələr belə qarpızları əvvəlcədən alıb saxlayardılar”, – deyən Asəf Orucov toplanmış çöl materiallarına əsaslanaraq bildirib ki, Naxçıvanın Arazboyu kəndlərinin əksəriyyətində çox da böyük olmayan, qalınqabıqlı xüsusi qarpız növü əkilər, belə qarpızları uzun müddət, hətta Novruza qədər saxlamaq olardı. Çillə üçün saxlanılacaq qarpız tam yetişməmiş və saplaqlı olsa, daha yaxşı qalar. Xarab olmasın deyə, onu ot və ya samanın içərisində saxlayırdılar.

“Çillə qarpızı”na bolluq, bərəkət rəmzi kimi baxılır. Etnoqrafik çöl materiallarına görə, Çillə gecəsində qarpız kəsmək qışı xoş qarşılamaqla bərabər, ondan qorxmamağa işarədir. Digər məlumata görə, çillədə qarpız kəsəndə deyərlər ki, ay qarpız, mən səni necə kəsirəmsə, çilləni də belə tez kəsim, yəni qışa, şaxtaya yenilməyim, onu dərdsiz, bəlasız başa vurum. Bəzi rayonlardan (Ordubad, Şərur) yaşlı insanların verdiyi məlumata görə, çillədə qarpız kəsilir ki, günümüz qırmızı, yəni Günəşli olsun. Həqiqətən, bu inanc onunla əlaqədardır ki, qarpızın içərisinin qırmızı rəngdə olması Günəşin rəmzi kimi sayıla bilər ki, bu da istiliyi çağırmaq anlamı ilə bağlıdır.

El adəti: niyyət et, dörd yerə böl, ikisi eyni rəngdə olarsa…

AMEA Naxçıvan Bölməsinin əməkdaşı qeyd edib ki, “Çillə qarpızı” kəsilən vaxt xalq arasında niyyətetmə adəti də mövcuddur. Niyyət zamanı qarpızın baş tərəfini kəsib, dörd yerə ayırıb atırlar. Əgər ikisi eyni rəngdə – ağ və ya göy olarsa, niyyət qəbul edilmiş hesab olunar. Bu da belə bir fikir söyləməyə əsas verir ki, bəlkə də, insanların çillə gecəsi qarpızın qabığının bir hissəsini dörd yerə bölüb niyyət tutub atması dörd fəsillə, atılan qarpız qabıqlarının rənglərinə uyğun (ağ və göy) niyyətin qəbul olması isə fəsillərin əlamətləri ilə əlaqədardır.

Bundan başqa, qarpız kəsib yeddi evə pay göndərilir. Çillə bayramı günü nişanlı qızların, təzə gəlinlərin bayram görüşünə (Çillə bayramına) gedirlər. Bayramlıqlar içərisində “Çillə qarpızı” xüsusi yer tutur.

Bu qarpız çilə qarpız,

Düşübdür dilə qarpız,

Yığılıb xonçalara,

Gedir yar gilə qarpız.

Şərur rayonunun bəzi kəndlərindən toplanmış materiallara görə, nişanlı qızlara qarpız aparanda onun yanına bıçaq da qoyardılar. Qarpız aparılan bıçaqla kəsilər və sonra yenidən oğlan evinə qaytarılardı.

Əgər qarpız olmasa…

Ordubad bölgəsində isə həmin gün evdə un yeməkləri (xəşil, tərək, quymaq), hədik bişirilər, qovurğa qovurular, qovut çəkilərdi.

Asəf Orucov deyib: “Etnoqrafik çöl materiallarına əsaslanaraq demək olar ki, çillədə qarpız olmadıqda belə, başqa bir meyvə kəsilməlidir. Xalq arasında olan inama görə, kim bu gecə çoxlu meyvə yesə, o, bütün qışı xəstələnməz. Ordubad bölgəsinin bəzi kəndlərindəki adətlərə əsasən çillədə qarpız yoxdursa, ürəklər sərin olsun deyə, qatıq yeyərdilər. Bu adəti nəzərə alsaq, belə bir nəticəyə gəlmək olar ki, bunların hər ikisi sərinləşdirici əlamətlərə malikdir. Bunların yeyilməsi qışın soyuğuna qarşı çıxmaq, ona hazır olmaq anlamına gəlir. Həmin gecə süfrəyə “Q” hərfi ilə başlanan nemətlər məsələn: qarpız, qovun, qatıq, qovurğa, qaysava, qovurma, qovut qoymaq adəti də mövcuddur”.

Etnoqrafik çöl materiallarına görə, xalq təqviminə uyğun olaraq böyük çillənin birinci ongünlüyü (dekabr ayı) “qarı qatıldı küfləyə”, yanvar ayının əvvəli isə “qarı boğan” adlanır. Bundan əlavə, xalq təqvimində böyük çillənin sonlarına “qurdun insanın ətinə yerikləyən dövrü” də deyilərdi. Bu da onunla əlaqəlidir ki, ilin bu dövründə qurd (canavar) ac qaldığı üçün insanlara da hücum edə bilər. Qışın bərk şaxtalı günlərinə həm də “Qışın qulun (atın balası) salması” dövrü deyilir.

O, bir məsələni də vurğulayıb ki, bəzilərinin bu bayramı zərdüştlüklə əlaqələndirməsi tamamilə yanlış bir məsələdir. Çillə bayramı məhz xalq təqvimi ilə bağlı keçirilən bayramlardan biridir.

Qar olmasa, bar olmaz

Qışın, o cümlədən Çillənin əsas simvolunun qar olduğunu vurğulayan Azəf Orucov onun səbəbini belə izah edib ki, qar bərəkət, qarşıdakı yeni ilin bolluğu və məhsulu deməkdir. Payız əkinlərinin qalın qar ilə örtülməsi onu şaxtadan qorumaq, yazda bol su ilə təmin etməkdir. Bunu aşağıdakı folklor nümunəsində də görmək olar:

Böyük çillə, nar çillə,

Ağ gül üstə qar çillə,

Taxıllara yorğan ol,

Bağçalara bar çillə.

Qar örtüyünün insanlar üçün müsbət xüsusiyyətli olması “Qar olmasa, bar olmaz”, “Qar ili var ili” kimi atalar sözlərində də əks olunmuşdur.

AMEA Naxçıvan Bölməsinin əməkdaşı qədim dövrlərdən insanların təbiətdə müşahidələr apardığını da diqqətə çatdırıb. Qeyd edib ki, həmin müşahidələrə görə, qış fəslində gecələr ayaz, gündüzlər dumanlı, buludlu olarsa, bu, ilin yaxşı keçməyəcəyinə işarədir. Əksinə, qışın ayazlı gündüzləri, buludlu, dumanlı gecələri isə ilin xoş keçib, insanlar üçün faydalı olacağı deməkdir.

Çillə bayramı bu gün də muxtar respublikanın bölgələrində təntənəli şəkildə qeyd olunur

Onun sözlərinə görə, Naxçıvanda qış nə dərəcədə sərt keçsə də, xalqımız onun gəlişini bayram kimi qarşılayıb bununla bağlı müxtəlif adətlər, inam və mərasimlərə əməl edirlər. Unutmayaq ki, ancaq qışın və yazın qarşılanması təntənə ilə keçirilir. Başqa sözlə desək, ulularımız qışı xoş qarşıladıqları kimi onu təntənəli şəkildə də yola salırlar. İlboyu əmək fəaliyyəti ilə məşğul olan zəhmətkeş insanlar qışda yetərincə istirahət edərlər. Ümumiyyətlə, xalqımız qışa çətin gün kimi baxsa da, o həm də əyləncə, nağıl, aşıq məclisləri, qadınların toxuculuq işləri ilə də yadda qalardı. Qış görüləcək işlərin az olması səbəbi ilə bir dinlənmə və əyləncə mövsümüdür.

Qışla, təqvim adət və ənənələri ilə bağlı etnoqrafik-çöl materialları toplayarkən bölgədə əhali arasında bilinən qar adlarını da qeydə aldıqlarını qeyd edən AMEA-nın əməkdaşı bildirib ki, bunlar quşbaşı, çobanyarması, kəpək, qaryeyən, püsək və digərləridir.

Asəf Orucov sonda qeyd edib ki, Naxçıvanda qışla bağlı təqvim adətləri tarixin ilkin dövrlərində formalaşıb, bir sıra xüsusiyyətlərinə görə digər türk xalqları ilə ortaq cəhətlərə malikdir. Və çox sevindiricidir ki, Çillə bayramı bu gün də muxtar respublikanın bölgələrində təntənəli şəkildə qeyd olunur.

Orxan