Bu gün Azərbaycanın 2 Milli Qəhrəmanının doğum günüdür

Eldar İsfəndiyar oğlu Həsənov 1965-ci il dekabrın 26-da Cəlilabad rayonu Lallar kəndində anadan olub. O, 1990-cı ildə Xüsusi Təyinatlı Milis (polis) Dəstəsinə daxil olub, Laçın, Füzuli, Ağdam və digər bölgələrdə rəşadətlə vuruşub, düşmənin nifrətini qazanıb, ona görə də başına 50 min ABŞ dolları məbləğində pul qoymuşdular, 1994-cü il mayın 12-də Horadiz qəsəbəsi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. 1995-ci il yanvarın 15-də Milli Qəhrəman adına layiq görülüb. Cəlilabad rayonu Lallar kəndində dəfn edilib. Cəlilabad rayon polis şöbəsinin qarşısında büstü qoyulub.
Vəzir Surxay oğlu Orucov 1956-cı il dekabrın 26-da Tərtər rayonu Xoruzlu kəndində anadan olub. O, 1992-ci ildə düşmənə qarşı vuruşmaq üçün Rusiyadan vətənə qayıdıb, həmin ilin may ayında Tərtər özünümüdafiə batalyonuna daxil olub, az sonra komandirin müavini təyin edilib, Marquşevan, Levonarx, Madagiz, Akop Komari, Sərsəng Su anbarı, Drombon, Çıldıran, Vaqauz uğrunda döyüşlərdə əsil qəhrəmanlıq göstərib, müharibənin əfsanələrdən birinə çevrilib, 1993-cü il martın 22-də Ağdərə yaxınlığındakı Qlobus yüksəkliyi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. 1993-cü il martın 27-də, ölümündən cəmi 5 gün sonra Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində Şəhidər Xiyabanında dəfn edilib.
Orxan

Comments are closed.