Bu gün Bakının azad olunduğu günüdür

01

 

Bu gün Bakının erməni-bolşevik işğalından azad olunmasının 95 ili tamam olur.

Bu tarixi hadisə ilə bağlı keçirilən müxtəlif tədbirlər və mərasimlərdə 15 sentyabr qələbəsinin əhəmiyyəti qeyd edilir.

Bu tarixi zəfərin ictimai-siyasi, mənəvi-psixoloji əhəmiyyətini anlamaq üçün tarixi keçmişə nəzər salaq.

Məlum olduğu kimi, I dünya müharibəsi illərində rus ordusunun köməyindən yararlanan erməni silahlı dəstələri Anadoluda yüz minlərlə türkün həyatına son qoyaraq “Böyük Ermənistan” planını reallaşdırmaq üçün Azərbaycanın qərbində, şimalında və cənubunda türklərə qarşı soyqırımı siyasəti həyata keçirirdi.

Ona görə də, 1918-ci il fevralın 16-da Ənvər paşa Qafqaz, Dağıstan, Türküstan və Rusiyaya tabe olan müsəlman ölkələrinə ehtiyac hiss etdikləri yardım və köməyi göstərmək məqsədilə qərargahı Tehranda yerləşən bir təşkilatın yaradılması haqqında əmr imzaladı.

Əmrə görə polkovnik-leytenant Nuru bəy (Ənvər paşanın ögey qardaşı) Tehran Mərkəzi Heyətinin rəhbəri, podpolkovnik Şövkət bəy Dağıstana, minbaşı Nazim Cavad bəy Əfqanıstana və Xəlil paşanın məsləhət gördüyü digər zabitlər isə Qafqazın digər bölgələrinə və Türküstana göndərilməli idi. Belə bir orduya Nuru bəyin polkovnik-leytenant rütbəsi ilə rəhbərlik edə biləcəyinə olan şübhələri yox etmək üçün ona fəxri general rütbəsi verildi.

1918-ci ilin martında Nağı Şeyxzamanlının rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti sultanla və hərbiyyə naziri Ənvər Paşa ilə görüşərək, Azərbaycan türklərini erməni soyqırımından qurtarmaq üçün hərbi yardım göstərilməsini xahiş etdi və həm sultandan, həm də Ənvər paşadan müsbət cavab aldı.

Bu müraciəti əldə əsas tutan Osmanlı rəhbərliyi özünün Qafqaz siyasətini reallaşdırmaq üçün qəti tədbirlərə başladı. 1918-ci il aprelin 5-də Ənvər paşa Qafqaz İslam Ordusunun təşkili və vəzifələrinə aid təlimatnaməni təsdiq etdi.

Tiflisdə 1918-ci il mayın 26-da Gürcüstan, mayın 28-də isə Azərbaycan və Ermənistanın öz müstəqilliklərini elan etmələri hadisələrin axarını kəskin dəyişdi. Yeni elan olunan üç dövlətdən Gürcüstanın paytaxtı Tiflis, Ermənistanın paytaxtı İrəvan oldu. Bakı Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti tərəfindən işğal edildiyindən Gəncə Azərbaycanın müvəqqəti paytaxtı elan edildi.

Elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətini yaşatmaq və onu real dövlət qurumuna çevirmək dövrün ən çətin problemlərindən biri idi. Bütün bunları nəzərə alan Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə rəsmi müqavilə imzaladı. Müqavilədə vurğulanırdı ki, Azərbaycan ərazisində təhlükəli vəziyyət yaranacağı təqdirdə Osmanlı dövləti burada intizam və asayişi təmin etmək üçün Azərbaycana əsgəri yardım göstərə bilər.

Milli Azərbaycan hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq üçün 1918-ci il iyunun 4-də 20 minlik Bakı Soveti qüvvəsi hərbi və dəniz işləri üzrə komissar Korqanovun 8 saylı əmri ilə Hacıqabuldan qərb istiqamətində hücuma başlamışdı. Qırmızı ordunun tərkibindəki əsgər və zabitlərin böyük əksəriyyətini ermənilər təşkil edirdi.

Gəncə istiqamətində hücuma keçən ordunun dörd komissarından üçü erməni idi. İyunun 10-da Bakı Soveti qüvvələrinin Hacıqabul stansiyasından hücumu başlandı. Bir neçə gün ərzində Ucar və ətraf ərazilər, Kürdəmir və ətraf stansiyalar Qırmızı ordu tərəfindən işğal olundu.

Ordusunun təhlükəsizliyini təmin etmək üçün ilk öncə Gəncədəki erməniləri tərksilah edən Nuru Paşa iyunun 18-də Qaraməryəm ətrafında həlledici döyüşlərə atıldı. Amma ciddi bir hazırlıq görmədən hücuma keçən milli qüvvələr bu döyüşdə də müvəffəqiyyət qazana bilmədilər. Bununla belə bu döyüş bolşevikləri təlaşa saldı və onlar Qırmızı ordunun canlı qüvvələrinin sayını artırmaq üçün 1893-1897-ci illərdə anadan olan qeyri-müsəlmanların çağırışını elan etdilər.

İyunun 27-də tərəflər arasında yenidən döyüşlər başladı və Qafqaz İslam Ordusunun qələbəsi ilə başa çatdı. Daşnak-bolşevik qüvvələri Ağsuya tərəf sıxışdırıldı. Bolşevik qüvvələri bu döyüşlərdən sonra bir daha hərbi təşəbbüsü ələ ala bilmədilər. Salyan ətrafında gedən döyüşlər də türk-Azərbaycan qoşun birləşmələrinin qələbəsi ilə başa çatdı.

İyulun 6-da Ağsu, iyulun 10-da Kürdəmir, iyulun 20-də isə Şamaxı daşnak qüvvələrindən azad edildi və bununla da Bakıya yol açıldı.

Qafqaz İslam Ordusu hissələri Bakıya yaxınlaşdıqca Bakı komissarlarının ətrafına toplaşmış siyasi qüvvələr arasında parçalanma baş verirdi. İyulun 25-də Bakı Sovetinin fövqəladə iclasında bolşeviklər ağır məğlubiyyətə məruz qaldılar. İclasda bolşeviklərin bütün səylərinə baxmayaraq, sağ eserlər, daşnaklar və menşeviklər ingilis qoşunlarının Bakıya dəvət olunması lehinə səs verdilər.

Avqustun 3-də Xırdalanla Biləcəri arasında Qafqaz İslam Ordusu qüvvələri ilə “Sentrokaspi” qoşunları arasında döyüşlər yenidən başladı. Bu döyüşlər milli qüvvələrin qələbəsi ilə başa çatdı. Avqustun 3-də Şərq cəbhəsi komandanı Mürsəl paşa şəhərdəki qüvvələrə məktub göndərərək onları təslim olmağa çağırdı.

Lakin Erməni Milli Şurasının və Daşnaksutyun partiyasının liderləri məktuba cavab verməyərək Qafqaz İslam Ordusu qoşunlarına qarşı mübarizəni davam etdirməyi qərara aldılar. Erməni və rus birləşmələri ingilis generalı Denstervillin qüvvələri ilə möhkəmlənəndən sonra avqustun 6-da Bakıda əli silah tutan 16-65 yaş arasında olan kişilər məcburi surətdə orduya çağırıldı. Bu tədbirə qarşı çıxan müsəlmanlardan 600 nəfər edam olundu.

Avqustun 25-də Qafqaz İslam Ordusunun Bakı üzərinə hücumunu uğurla başa çatdırmaq və şəhəri azad etmək məqsədilə Nuru paşa polkovnik Süleyman İzzət bəyin komandanlığında olan 15-ci diviziyanı Qafqaz İslam Ordusunun tabeliyinə keçirtdi. Beləliklə, Bakıya hücum ərəfəsində 5-ci Qafqaz diviziyasına Mürsəl paşa, 15-ci piyada diviziyasına Süleyman İzzət bəy, Cənub qrupu birliklərinə isə polkovnik Cəmil Cahid bəy başçılıq edirdi.

Bir neçə gün davam edən uğurlu döyüşlərdən sonra Novxanı, Goradil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndləri Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Maştağa və Höküməli kəndlərində mövqelərini möhkəmlədən Qafqaz İslam Ordusu yerli əhalini də Bakının azad edilməsi işinə cəlb etdi.

Avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakının həndəvərinə yaxınlaşdı. Həlledici döyüş sentyabrın 15-i səhər saat 5:30-da başladı və bütün istiqamətlərdə başlanan hücum öz uğurlu nəticəsini verdi.

Qaraşəhər, Ermənikənd və Əhmədli istiqamətində düşmənin hücumu qətiyyətlə dəf edildi.

Qafqaz İslam Ordusunun qarşısının alınmasının qeyri-mümkünlüyünü görən “Sentrokaspi” rəhbərliyi danışıqlara başlamağı qərara aldı. Saat 10:30-da “Sentrokaspi” ordusunun qərb cəbhəsinin komandanı üzərində ağ bayraq asılan avtomobillə 5-ci diviziyanın qərargahına yaxınlaşdı və təslim olduqlarını bildirdi.

Bakı şəhəri azad edilərkən 17 erməni, 9 rus, 10 gürcü zabiti, 1151 erməni, 383 rus, 4 ingilis və 113 nəfər müxtəlif millətdən olan əsgər əsir götürüldü.

Təkcə avqust ayının əvvəllərindən sentyabrın 15-nə qədər Bakı uğrunda gedən döyüşlərdə 5-ci Qafqaz diviziyası 1130-a qədər şəhid vermişdi. Ümumiyyətlə, Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-nə kimi Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit şəhid vermişdi. Bu döyüşlərdə Azərbaycan könüllü dəstələrinin də itkiləri kifayət qədər idi. Beləliklə, sentyabrın 15-i saat 15-dən sonra Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi.

Bakı şəhərinin azad edilməsi həm Azərbaycan ictimaiyyətinin, həm də Osmanlı dövlət rəhbərlərinin, xüsusilə Ənvər paşanın çox böyük sevincinə səbəb oldu. Ənvər paşa Nuru paşaya göndərdiyi teleqramda yazırdı:

“Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və islam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edirəm”.

Bakı azad edildikdən sonra Qafqaz İslam Ordusunun Gəncədə yerləşən qərargahı buraya köçür. Sentyabrın 9-da Güzdəyə gələrək əməliyyatı yaxından izləyən Şərq orduları qrupunun komandanı Xəlil Paşa və Bakı əməliyyatının rəhbəri Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa sentyabrın 16-da Bakı ətrafında birləşmələrin rəsmi keçidini qəbul etdikdən sonra şəhərə daxil oldular.

Həmin şanlı tarixin müqəddəs Qurban bayramına təsadüf etməsi Bakı əhalisi üçün ikiqat bayram olduğunu yazan şahidlərin sözlərinə görə, şəhər sakinləri xilaskar ordunu böyük sevinclə qarşılamışdılar. Həmin tarixdən sonra Qafqaz İslam Ordusu daha mühüm əməliyyatlarda iştirak etsə də, Bakının azad olunması Azərbaycanın istiqlalının möhkəmlənməsi baxımından tarixi hadisə idi.

1919-cu ilin sentyabrında indiki Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyuldu. Təəssüf ki, 1920-ci ilin bolşevik çevrilişi bütün şəhidlərə ümumxalq məhəbbətinin və minnətdarlığının simvoluna çevrilməli olan bu abidənin tikintisinin başa çatmasına imkan vermədi. Həmin abidənin tikintisi, nəinki dayandırıldı, hətta türk və türkçülük sözü rəsmi yasağa çevrildi.

Yalnız 90-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun xilaskarlıq yürüşləri ilə bağlı mətbuatda yazılar görünməyə başladı. Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq 1999-cu ildə onun şərəfinə Şəhidlər Xiyabanında möhtəşəm bir abidə ucaldıldı.

Bu gün hər bir azərbaycanlı Şəhidlər Xiyabanını ziyarət edərkən Azərbaycanın istiqlalı yolunda şəhid olan türk və azərbaycanlı əsgər və zabitlərin ruhuna dualar oxuyur, onları böyük iftixar hissi ilə yad edir.