Bu gün Beynəlxalq Ahıllar Günüdür

XALQ.AZ xəbər verir ki, 1990-cı il dekabrın 14-də BMT-nin Baş Assambleyası qətnamə qəbul edərək oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunmasını qərara alıb.

Bu günü əvvəlcə Avropada, sonra Amerikada, ötən əsrin 90-cı illərinin axırlarında isə artıq bütün dünyada qeyd etməyə başlayıblar. Həmin günün təsis edilməsinin başlıca məqsədi ailə və icmaların, eləcə də cəmiyyətin həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaqdan, onların hüquq və ehtiyacları diqqətə çatdırmaqdır.

Beynəlxalq Ahıllar Günün ölkəmizdə 1993-cü ildən etibarən qeyd olunmağa başlanıb. Xalqımızın Ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə həmişə böyük diqqət və qayğı ilə yanaşıb, 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar. Bu gün Azərbaycan dövləti tərəfindən yaşa görə əmək pensiyasının baza və sığorta hissələrinin artırılması bu kateqoriyadan insanlara göstərilən qayğıya daha bir bariz nümunədir.

Daha sonra Prezident İlham Əliyev tərəfindən 2006-cı il 17 aprel tarixli sərəncamla təsdiqlənmiş “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na, habelə bir sıra dövlət proqramlarına uyğun olaraq, ötən müddətdə ahılların sosial müdafiəsi sahəsində mühüm işlər görülüb.

 

 

Orxan


Comments are closed.