Bu gün Beynəlxalq Oftalmologiya Günüdür

2004-cü ildən avqustun 8-i Beynəlxalq Oftalmologiya Günü və ya Beynəlxalq Oftalmoloq Günü kimi qeyd olunur.

Həmin günün qeyd edilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük rus oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.

Professor, mikrocərrah-oftalmoloq Rusiya Tibb Elmləri Akademiyasının akademiki Svyatoslav Fyodorov elmi və təcrübi fəaliyyəti əlaqələndirərək göz xəstəliklərinin müalicəsinə bir sıra yeniliklər gətirməklə bu sahədə uğurlar qazanıb. 1994-cü ildə onu XX əsrin görkəmli oftalmoloqu elan ediblər.

Beynəlxalq Oftalmologiya Gününün təsis edilməsi ideyası isə Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidzeyə məxsusdur. O, həmin gün rus və xarici ölkə oftalmoloqlarına göz xəstələrinə təmənnasız məsləhətlər vermək, göz nurunu itirənlər və ya görmə qabiliyyəti zəif olanların müalicəsi üçün əməliyyatlar aparmaq barədə müraciət edib. Belə bir tədbirin keçirilməsi məşhur göz cərrahı S.Fyodorovun başladığı xeyriyyə işinin davam etdirilməsi və xatirəsinin yad olunması məqsədi daşıyır. Onun təşəbbüsünə təkcə Rusiyada deyil, Yunanıstan, İtaliya, Çexiya, ABŞ və digər ölkələrdə də tərəfdar çıxıblar.

Görmə elə duyğu orqanıdır ki, onun itməsi insan üçün əsl faciədir. Görmə qabiliyyətinin pisləşməsi insanın sosial imkanlarını əhəmiyyətli dərəcədə azaldır, ona fiziki və psixoloji problemlər yaradır. Oftalmoloqlar məhz sağlamlığın bu vacib məsələlərinin həlli ilə məşğul olurlar, hərçənd ki, göz xəstəliklərindən əziyyət çəkənlər heç də az deyil.

Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, səmərəli müalicə və profilaktika aparmağa imkan verir, lakin mütəxəssislər onun profilaktikası ilə məşğul olmağı daha vacib hesab edirlər.

Həkim və mütəxəssislər zərərli vərdişlərdən uzaq olmağı, gözləri Günəşin ultrabənövşəyi şüalarından qorumaq üçün keyfiyyətli gün eynəklərindən istifadə etməyi, qanda şəkərin, təzyiq və xolesterinin səviyyəsini nəzarətdə saxlamağı, A vitamini, Omeqa-3 və antioksidantlarla zəngin məhsullarla qidalanmağı məsləhət görürlər. Həkimlər xüsusilə uşaqların 3D formatında çəkilmiş filmlərə baxmağını məsləhət görmürlər.