“Bu gün Ermənistanda dərin siyasi və iqtisadi böhran yaşanır”

İşğalçı Ermənistanın Tovuz rayonu istiqamətində dövlət sərhədlərimizə qarşı həyata keçirdiyi təxribatlarına qüdrətli ordumuz tərəfindən layiqli cavab verildi və düşmən yerinə oturduldu.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Ermənistan tərəfindən törədilən hərbi təxribat heç də təsadüfi deyil: “Bu gün Ermənistanda dərin siyasi və iqtisadi böhran yaşanır, səriştəsiz Paşinyan hakimiyyətinə xalq arasında inam qalmayıb. Bir tərəfdən sosial böhran, digər tərəfdən isə hazırda koronavirus pandemiyası ilə mübarizədə uğursuzluq Paşinyan hakimiyyətini dalana dirəyib. Belə olan halda Paşinyan diqqəti yayındırmaq üçün adəti üzrə təxribata əl atdı. Paşinyan düşünürdü ki, dövlət sərhədində təxribata əl atmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da məsələyə cəlb edəcək və təşkilatın Azərbaycana qarşı bəyanat qəbul etməsinə və ya təzyiq göstərməsinə nail olmaqla daxili problemlərdən diqqəti yayındıra biləcək.

Ancaq Paşinyanın bütün planları tərsinə getdi. Bir tərəfdən şanlı ordumuz erməni təxribatına tutarlı cavab verdi və düşMəni xeyli itkiyə məruz qoymaqla geriyə otuzdurdu. Digər tərəfdən isə KTMT Azərbaycana qarşı hər hansı bir bəyanat qəbul etmədi, hətta təcili iclası da təxirə salındı. Yalnız qurum adından tərəfləri atəşkəsə çağıran formal bir bəyanat yayıldı. Bunun əksini düşünmək də sadəlövhlük olardı, çünki bu hərbi birliyə üzv dövlətlərin hər biri ilə Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri mövcuddur. Bu baxımdan heç bir dövlət işğalçı Ermənistana görə Azərbaycana qarşı hər hansı bir bəyanata qoşulmazdı.

Digər tərəfdən isə bu günlərdə Azərbaycan tək qalmadı, qardaş Türkiyə və onun Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəklədi. Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. Pakistan birmənalı mövqe bildirdi, Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Eyni zamanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən bəzi Avropa ölkələri ölkəmizə öz dəstəklərini ifadə etdilər”.

Deputat bildirib ki, bütün bu hadisələr həmçinin Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha nümayiş etdirdi:

“Ordumuzun uğurlu əməliyyatı, növbəti qələbəsi təbii olaraq Azərbaycan xalqı tərəfindən böyük çoşqu ilə qarşılandı, ictimaiyyətində böyük ruh yüksəkliyi yaratdı. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Eyni zamanda bu bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə eyni mövqedən çıxış etməyi bacarır.
Bu məqamda ölkədə fəaliyyət göstərən siyasi partiyaların da birgə bəyanatı diqqətdən yayınmadı. Müxtəlif proqramı, platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar həmrəylik nümayiş etdirdi və Ali Baş Komandanın yanında olduqlarını bəyan etdilər.

Lakin təəssüflər olsun ki, bəzi siyasi qruplar belə bir vəziyyətdə də öz məkirli məqsədlərindən əl çəkmədilər, baş verən hadisələrdən sui-istifadə edərək təxribat törətməyə və ölkədə sabitliyi pozmağa cəhd etdilər. Bu bir daha göstərir ki, həmin siyasi qruplar xarici dairələrə, ermənipərəst qüvvələrə xidmət edir və bu günlərdə onların tapşırıqlarını yerinə yetirirlər.

Çox sevindirici haldır ki, xalqın gözü tərəzidir, xalqımız kimin kim olduğunu bilir və bu cür təxribatlara getmir. Əlbəttə ki, həmin təxribatçıların qarşısı hüquq mühafizə orqanları tərəfindən dərhal alındı. Mən bu həssas dönəmdə bir daha xalqımızı diqqətli olmağa çağırıram. İnsanlarımız bu cür təxribatçı qrupların öz çirkin məqsədlərini həyat keçirməsinə imkan verməməlidir. Bu gün Azərbaycan qüdrətli, təhlükəsizliyin, siyasi sabitliyin mövcud olduğu bir ölkədir və bu, xalqımız üçün ən böyük uğurdur.

Biz imkan verməməliyik ki, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurlar hansısa antiazərbaycan qruplar tərəfindən pozulsun. Bu baxımdan mən hər bir vətəndaşımızı bu cür pozucu hərəkətlərə qarşı mübarizə aparmağa çağırıram. Biz özümüzü həm xarici, həm də daxili düşmənlərdən qorumalıyıq”.