“Bu gün hər birimiz öz torpaqlarımıza qayıdış gününü gözləyirik” – Depuata

“Bu gün birlik və bərabərlik günüdür. Azərbaycan xalqı yumruq kimi birləşib. Cənab prezidentin qətiyyətli çıxışı hər birimizdə ruh yüksəkliyi yaradıb. Hər birimiz  bir yerdə qələbəyə doğru gedirik”.

XALQ.AZ xəbər verir ki? Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov bu gün cəbhənin bütün istiqamətində gedən döyüşlərə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, ermənilərin bu gün bir daha törətdiyi təxribat əməllərindən dünya ictimaiyyəti xəbər tutmalıdır:

“Dünya ictimaiyyəti anlamalıdır ki,  BMT-nin qərarlarını heçə sayan bu ölkə öz təxribatçı əməllərini davam etdirir. Bu gün hər birimiz öz torpaqlarımıza qayıdış gününü gözləyirik. Cənab prezidentin də dediyi kimi, Azərbaycan başqa dövlətin yox öz torpaqlarının azad olunması uğrunda döyüşür. İnşallah yaxın zamanlarda daha böyük qələbə xəbərləri eşidəcəyik və Qarabağı tam azad edəcəyik”.

Məşhur Məmmədov xaricdə yaşayan azərbaycanlılara da səslənib:

“Belə bir gündə xalqımız və dövlətimiz bir olmalıdır. Eni zamanda, dünyada yaşayan soydaşlarımıza səslənirəm. Azərbaycanın haqq işini dünyaya çatdırmaq lazımdır. Dünya ermənilərin necə bir millət olduqlarını bir daha görməlidir. İşğalçının mənfur əməllərindən hər bir ölkə vətəndaşı xəbər tutmalıdır”.

Xatırladaq ki, bu gün səhər saat 06:00 radələrindən başlayaraq, cəbhədə gərgin vəziyyət yaranıb. Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistanın intensiv atəşinə cavab olaraq Azərbaycan ordusu bütün cəbhə boyu əks hücuma keçib.

 Əks hücum nəticəsində Füzuli–Cəbrayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.