Bu gün Milad bayramıdır

 

1

 

Bu gün Milad bayramıdır. SİA-nın məlumatına görə, Xristian aləminin ən əlamətdar və təntənəli törənlərindən sayılan “Milad” bayramı ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Dünya xristianları mənsub olduqları məzhəblərdən asılı olaraq, bu bayramı müxtəlif günlərdə (25 dekabr; 6-7 yanvar) keçirirlər və o hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.

Xristianların bu bayramı qeyd etmələri haqqında ilk məlumatlar IV əsrə aiddir. Lakin xristian ənənəsində İsa Məsihin dünyaya gəlməsinin dəqiq tarixi barədə fikirlər mübahisəlidir və hakim ruhanilər tərəfindən bu məsələ hər məzhəbə görə fərqli izah olunur. Xristianlar bu bayramı hələ ilk dövrlərdə indikinə nisbətən fərqli keçirirmişlər. Çünki, əvvəllər İsa Məsihin dünyaya gəlməsi ilə onun vəftiz (mənəvi paklıq üçün müqəddəs suya salınma) edilməsi tarixi eyni vaxtda qeyd edilirdi. Birinci dəfə Roma Papası Yulinin dövründə (IV əsrin birinci yarısı) Katolik kilsəsi İsa Məsihin dünyaya gəlməsi ilə vəftiz olunması bayramını bir-birindən ayıraraq “Milad”ı dekabr ayının 25-də qeyd etməyə başlayıb.