Deputat: “Bu gün sahibkarlığa indiki ağır şəraitdə bundan yaxşı güzəşt ola bilməzdi”

“Cənab Prezident İlham Əliyevin tapşırığı ilə pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsini nəzərdə tutan iqtisadi paket bir daha onun vətəndaşlarımıza verdiyi dəyərin sübutudur”.

XALQ.AZ xəbər verir ki, bunu Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, cənab prezident pandemiyanın başladığı ilk gündən vəziyyəti düzgün dəyərləndirərək zamanında vətəndaşlarının sağlamlığını, sosial müdafiəsinin təmin edilməsi ilə yanaşı, iqtisadiyyata və sahibkarlığa dəyən zərərlərin qarşısının alınması istiqamətində çox mühüm tədbirlər planın hazırlanması istiqamətində öz tapşırıqlarını verdi. Ölkə başçısının tapşırığına əsasən pandemiyanın zərərlərinin aradan qaldırılması məqsədi ilə bütün sahələr üzrə xüsusi proqramlar hazırlandı. Bu istiqamətlərdən biri də pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlar və özəl sektora veriləcək dəstək paketidir. Sahibkarlıq subyektlərinə bir illik vergi güzəştləri və tətillərinin tətbiq olunması nəzərdə tutulur ki, bu da ölkə rəhbərinin bu sahəyə olan diqqət və qayğısının bariz nümunəsidir. Hesab edirəm ki, bu gün sahibkarlığa indiki ağır şəraitdə bundan yaxşı güzəşt ola bilməzdi. Düşünürəm ki, bu vaxtında atılan addımdır. Ölkə başçısının bu addımı bütün sahibkarlar və insanlar tərəfindən çox yüksək qiymətləndirilir. Digər ölkələrə nəzər salsaq görərik ki, post-pandemiya dövründə Azərbaycan kimi bu qədər insanlara qayğı göstərən ikinci dövlət yoxdur. Pandemiya dövründə qonşu ölkələrin bir çoxu insanlarının sağlamlığının önəmsəməyərək onları taleyin ümidinə buraxdı. Cənab prezident dövlətin bütün imkanlarından istifadə edərək xalqının yanında olmaqla bir daha sübut etdi ki, başqa dövlət başçılarından fərqli olaraq öz xalqının və ölkəsinin qeydinə qalır. Təəssüf ki, xaricdə oturub dövlət başçısının gördüyü bu mühüm işlərə qarayaxmağa çalışanlar da var. Onlar özünü jurnalist adlandırıb küçələrdə qanunsuz aksiya keçirməklə ölkədə mövcud sabitliyi pozmağa çalışan şəxslərin ifşa edilərək həbs edilməsinə siyasi don geyindirərək dövlət başçısı tərəfindən görülən mühüm işlərə kölgə salmağa çalışırlar. Həmin şəxslərin ermənilərdən və ermənipərəst qüvvələrdən maliyyələşdiyi hər kəsə bəllidir. Onlara üzümü tutub bildirirəm ki, mənəviyyatlarını 5-10 manata sataraq həqiqətə yalan don geyindirib, dövlətimizin uğurlarına kölgə salmasınlar. Bu yolla onlar nəyinki uğur qazanmazlar, hətta bu cür addımları ilə xalqımızın özlərinə qarşı qəzəbini daha da artırmış olurlar “.