Bu gün Vüqar Həşimovun anım günüdür

Bu gün Azərbaycanın məşhur şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun anım günüdür. XALQ,AZ xəbər verir ki, V.Həşimov 24 iyul 1986-cı ildə Bakıda anadan olub.

O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) şahmat olimpiadalarında Azərbaycan komandası adından çıxış edib, həmçinin 2009-cu il 7-9 may tarixlərində Bakıda Heydər Əliyev Kuboku çərçivəsində dünya yığması ilə qarşılaşmada yığmamızın tərkibində olub. 2010-cu ildəki Şahmat Olimpiadasında isə yerli federasiya ilə münaqişə yaşadığı üçün milliyə dəvət almayıb.

Həşimov 2007-ci ildə Avropa çempionatında bürünc medal qazanıb, 2009-cu ildə Azərbaycan yığması ilə Avropa çempionu olub (son turda komandamıza həlledici xalı Vüqar qazandırmışdı), 2011-ci ildə isə Avropa çempionatının gümüş medalını əldə edib. O, 2010-2011-ci illərdə İtaliyada müntəzəm olaraq keçirilən “Reccio Emilia” turnirinin qalibi adını qazanıb.

Vüqar Həşimov beyində bədxassəli şişlə (xərçəng) əlaqədar 2014-cü il yanvarın 11-də Almaniyanın Haydelberq şəhərindəki klininada dünyasını dəyişib. Ölümündən sonra – 2014-cü ilin iyulun 24-də onun qəbirüstü abidəsinin açılış mərasimi keçirilib. Ona bürüncdən olan abidə ucaldılıb. Prezident İlham Əliyev də mərhum qrossmeysterin Azərbaycan idmanı üçün xidmətlərinin çox olduğunu çıxışında bildirib.

Rəsul