Məhərrəm ayı başladı

Bu gündən Məhərrəm ayı başlayır.

XALQ.AZ  xəbər verir ki, hicri təqvimi ilə  (1440-cı ilin başlanğıcı) Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Məhərrəmliklə bağlı fətvasında qeyd olunur ki, müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadagan edildiyi aylardandır:

“Lakin, təəssüflər olsun ki, bu ayın onuncu, yəni Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olub. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin nəsillərin yaddaşında əbədi yaşaması, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də dindarlar üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı, Peyğəmbər nəvəsinin iman, mənəviyyatın saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə fədakarlıq və dəyanət örnəyi olmalıdır”.

QMİ fətvada Aşura günü İmam Hüseyn (ə) əzadarlığının İmamın (ə) şəninə layiq şəkildə keçirilməsini tövsiyə edib,

“Bildiririk ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Təziyə məclislərində dindarlar tərəfindən Kərbəla vaqeəsində İmam Hüseyn (ə) və onunla birlikdə şəhid olanlar yad edilməli, Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın əziz xatirəsi ehtiramla anılmalıdır. Əzadarlıq məclisləri keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunub zəncir, sinə vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq müqəddəs şəriətimizə uyğun deyil və ictimai qınağa səbəb olur. Əzadarlar özlərinə və digərlərinə xəsarət yetirməməli, başqalarını da belə hərəkətlərə təhrik etməməlidirlər.

Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin və Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. Buna görə də bu, həyat verən savab əməl – örnək aksiya din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümidvarıq ki, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcəklər. Bundan əlavə, din xadimlərimiz öz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri və Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla yanaşı, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Vətən şəhidlərinin fədakarlıq nümunəsini də təbliğ etməlidirlər.

Moizə və xütbələrdə dindarlara erməni ekstremistləri tərəfindən zəbt olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı Ali Baş Komandanın əmrinə hər an hazır olmaq mətləbi təlqin edilməli, İmam Hüseynin (ə) fədakarlıq nümunəsinin mənəvi əhəmiyyəti bu baxımdan ilham mənbəyi kimi xüsusi vurğulanmalıdır. Din xadimlərimiz moizələrində dindarları daima Vətən təəssübünü, milli və dövləti mənafelərimizi uca tutmağa çağırmalıdırlar.

Milli-mənəvi, dini dəyərlərimizin qarantı olan dövlətçiliyimizə qarşı dini zəmində çağırışlarla bağlı Qafqaz Müsəlmanları İdarəsinin bu yaxınlarda etdiyi müraciətdə əksini tapan məsələlərə din xadimlərimiz xüsusi diqqət yetirməli, İmam Hüseyn (ə) təziyədarlığından və digər dini mərasimlərdən təxribatlar üçün istifadəyə imkan verməməlidirlər.

Azərbaycan dindarları Vətənimiz və onun qüdrəti üçün misilsiz səylər göstərən, ölkəmizin siyasi-iqtisadi inkişafı, əmin-amanlığının təminatçısı, milli-mənəvi, dini-multikultural dəyərlərin himayədarı olan möhtərəm dövlət başçımızın fədakar fəaliyyətinə Uca Allahdan rəvac diləyir, ölkəmizin əmin-amanlığı və rifahı üçün dualar edirlər”,- fətvada deyilir.

 

 

Orxan