“Bu il əhaliyə ödənilən ödənişlərdə artım olub”

“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkə başçısının həyata keçirdiyi siyasətin mərkəzində dayanır”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub:

“2020-ci ilin 6 ayının göstəricilərinə görə yaşa görə pensiyanın məbləği 307, ailə başçısının itirməyə görə isə 308 manata yüksəlib. MDB ölkələri ilə müqayisədə ölkəmizdə pensiyanın alıcılıq qabiliyyətinə görə birinci yerə yüksəlib”.

S. Babayev bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 4784,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır:

“Azalma əsasən xərclərin optimallaşdırılması, əmək pensiyalarının və sosial müavinətlərin hesablanmasında, ödənilməsində nəzarətin və şəffaflığın daha da artırılması hesabına əldə olunub”.

Nazir qeyd edib ki, dürüstləşmə ilə cari ilin əvvəlinə Dövlət Sosial Müdafiə Fondunun hesabında formalaşan 197,2 milyon manat sərbəst vəsaitin qalığının Fondun gəlirlərinə daxil edilməsi və xərclər üzrə yaranan 40,8 milyon manat qənaət olunmuş vəsait də nəzərə alınmaqla – cəmi 238 milyon manat vəsait hesabına dövlət büdcəsindən Fonda ayrılan transfertin məbləği 238 milyon manat azaldılır:

“Bu vəsait isə dövlət büdcəsi vasitəsilə pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsinə yönəldiləcək”.