Bu il Çində Azərbaycanın 3 ticarət və 1 şərab evi açılacaq

Bu ilin sonunadək Çində Azərbaycanın 3 ticarət və 1 şərab evinin açılışı nəzərdə tutulub.

XALQ.AZ xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, Çində artıq Azərbaycanın 2 şərab və bir ticarət evi fəaliyyət göstərir, və bu sahədə aparılan işlər Azərbaycana məxsus olan malların sözügedən ölkədə tanınması prosesinə kömək edəcək.

Nazir onu da əlavə edib ki, Azərbaycanın Çinlə mövcud əlaqələri çərçivəsində ticarət dövriyyəsinin artırılması vacib istiqamətlərdən biridir. Təkcə bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 2,3 dədə artaraq 1,4 mlrd. ABŞ dollarından çox olub.

“Düzdür, bu dövriyyədə Azərbaycan ixracının əsas hissəsini neft təşkil etsə də, son illər ərzində biz artıq ticarət dövriyyəsinin şaxələndirilməsini müşahidə edirik, ölkəmizin kənd təsərrüfatı məhsulları, şərabları Çin bazarında artıq öz yerini tutub”, – deyə nazir qeyd edib.