Bu il yeni “ASAN xidmət” mərkəzləri istifadəyə verələcək

Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılmışdır.
XALQ.AZ -a açıqlamasında “ASAN xidmət”in mətbuat katibi Elnur Niftəliyev bildirib ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.
Bu il Tovuz, Ağcabədi, Şamaxı, Kürdəmir və Balakəndə “ASAN xidmət” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Onların hər biri regional xarakter daşıyır.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 aprel 2019-cu il tarixində Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncam imzalayıb.
Mərkəzlərdə 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir.
Bu günə kimi “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 28 milyondan çoxdur.
Regionlarda 10 Səyyar ASAN xidmət avtobusu və Səyyar ASAN qatar vasitəsi ilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən 1 milyon 700 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.