Bu məntəqələrin nəticələri ləğv edildi – İclas

Mərkəzi Seçki Komissiyasının iclası keçirilir.

XALQ.AZ xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılır.

Daxil olmuş müraciətlər barədə MSK katibi Arifə Muxtarova, MSK-nın və Ekspert Qrupunun üzvləri məlumat verirlər.

***

MSK katibi Arifə Muxtarova bildirib ki, 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə daxil olmuş şikayət müddəti ötdüyü üçün ərizəçiyə geri qaytarılmalıdır.

Daha sonra 25 saylı Nizami ikinci seçki dairəsi üzrə daxil olmuş şikayətə baxılıb. Ərizəçi iclasda iştirak etmədiyi üçün onun baxılması təxirə salınıb.

MSK bununla bağlı müvafiq qərarlar qəbul edib.

***

MSK-nın iclasında 91 saylı Ucar seçki dairəsi üzrə namizəd olmuş Əbil Məmmədovun şikayətinə baxılıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, Əbil Məmmədov həmin seçki dairəsi üzrə nəticələrin etibarsız sayılmasını xahiş edib.

Ancaq MSK katibi bu şikayətin araşdırılması zamanı irəli sürülən iddiaların yalnız 18 və 38 saylı məntəqələr üzrə öz təsdiqini tapdığını deyib.

MSK katibi bildirib ki, ona görə də bu məntəqələrdə seçkinin nəticələri etibarsız sayılmalıdır.

Şikayət Əbil Məmmədovun və onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə araşdırılıb. Səlahiyyətli nümayəndə konkret seçki məntəqləri üzrə baş vermiş seçki pozuntularına dair məlumatları sadalayıb.

Səlahiyətli nümayəndə müşahidəçilərlə bağlı narazılığını çatdırıb. MSK sədri bununla bağlı deyib ki, 91 saylı Ucar seçki dairəsində 40 məntəqə üzrə 800 müşahidəçi olub.

Müzakirədən sonra 91 saylı Ucar seçki dairəsi üzrə 2 məntəqənin nəticələri etibarsız sayılıb.