“Bu müzakirələr yalnız riyakarlıq üzərində qurulub”

AŞ PA-da Azərbaycandakı “siyasi məhbus” məsələsi ilə bağlı müzakirələr riyakarlıq üzərində qurulub. Məruzəçinin mövqeyi ilə qətiyyən razı deyiləm. Bu müzakirələr yalnız riyakarlıq üzərində qurulub. Burada hakim qismində çıxış edənlər, insan haqlarından danışan bəziləri, öz ölkələrindəki mövcud daxili problemləri, siyasi gərginliyi, demokartik dəyərlərdən çox-çox uzaq olmalarını, korrupsiyanın mövcudluğunu və qonşu dövlətə qarşı yürütdükləri işğalçı siyasətlərini unudaraq, riyakarcasına ədalət məhkəməsi qurublar. Gəlin riyakarlığa son qoyaq!

XALQ.AZ məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva AŞ PA-nın qış sessiyasında “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnamənin müzakirəsi zamanı deyib.

S.Fətəliyeva məruzəçiyə müraciətlə deyib: “Xanım məruzəçi, Azərbaycandan danışarkən düzgün ifadələrdən istifadə etməyinizi tövsiyə edərdim! Hörmətə gəlincə, sizə xatırlatmaq istəyirəm ki, bu qurumun əsas dəyərlərindən biri qarşılıqlı hörmətdir. Əgər Azərbaycan AŞ PA-nın qaydalarına və dəyərlərinə tamamilə məhəl qoymasaydı, demokratiyanın inkişafı baxımından heç bir irəliləyiş göstərməsəydi, Azərbaycan Prezidentinin əfv sərəncamları olmasaydı, ədliyyə sistemindəki çatışmazlıqları aradan qaldırmaq üçün Azərbaycan hakimiyyəti güclü iradəsi əsasında geniş islahatlar aparmasaydı və Avropa Şurası ilə sıx əməkdaşlıq etməsəydi, o zaman bu cür yanaşma mümkün olardı. Parlament üzvləri olaraq, biz konkret nəticələr verən bu əməkdaşlığı yüksək qiymətləndiririk və buna görə də hər zaman konstruktiv dialoqun aparılmasını tələb edirik. Bu Assambleyanın məqsədi həm də nəticəyə yönələn əməkdaşlığı lazımi səviyyədə təşviq etmək olmalıdır. Lakin, hesabatdakı məqamlar təşkilatla ölkə arasında arzuolunmaz gərginlik yaradır və aydındır ki, bu, tərəflər arasında etimadı sarsıtmaqla əməkdaşlıq və dialoqa töhfə vermir. Ona görə də münasibətlərdə inamın itirilməsinə səbəb ola biləcək bu cür yanaşma nümayiş etdirməkdən çəkinməliyik”.

Nümayəndə heyətinin üzvü qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının siyasiləşdirilməsi yolverilməzdir və bu məsələdə diqqətli olmalıyıq. Xüsusilə, nəzərə almalıyıq ki, Məhkəmə öz qərarlarında “siyasi məhbuslar” kimi bir siyasi anlayışa istinad etmir və bu fakt hesabatda da qəbul olunur. “Bu səbəbdən subyektiv mühakimə ilə mübahisəli nəticələr çıxarmaq və Azərbaycanı sərt ittiham etmək yolverilməzdir. Üzv dövlətlərin əksəriyyətinin Məhkəmə qərarlarına əməl etməklə bağlı problemləri var. Bu təşkilatın dəyərlərini bölüşən hər kəs qəbul edir ki, məhkəmə qərarları icra olunmalıdır və sorğulana bilməz. Bəli, bu məqsədlə üzv dövlətləri bu qərarların vaxtında və effektiv şəkildə icrasına təşviq etməliyik. Ancaq bütün ölkəni ağır siyasi ittihamlar və təqsirləndirmələrlə damğalamaqla bunu edə bilmərik. Bir sözlə, məhkəmə qərarları hüquqi məsələlərdir və onlara bu cür münasibət göstərilməlidir. Bu Assambleyada mən tez-tez bir sual səsləndirirəm. Əgər Azərbaycandakı insan haqlarının vəziyyəti sizi doğrudan da maraqlandırırsa, o zaman nədən Ermənistan tərəfindən Dağlıq Qarabağın işğalı zamanı qovulmuş 1 milyon qaçqının hüquqlarının pozulması məsələsini qaldırmırsınız? Və hər zaman olduğu kimi sualım yenə də cavabsız qaldı” – deyə, S.Fətəliyeva vurğulayıb.