Bu nailiyyətlərə “Əsrin kontraktı”nın nəticəsində çata bilmişik

 

Prezident: “Bütün şərtlərimiz yerinə yetirilməlidir ki, “Əsrin kontraktı”nın müddəti uzadılsın”

“Əsrin kontraktı” bu gün də ölkəmizə xeyir gətirir və bildiyiniz kimi, indi SOCAR-la tərəfdaşlar arasında danışıqlar gedir ki, bu kontraktın müddəti uzadılsın və mən buna müsbət baxıram. Əlbəttə, bizim bütün şərtlərimiz yerinə yetirilməlidir ki, kontraktın müddəti daha da uzadılsın”. XALQ.AZ-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışında deyib.

“Şahdəniz 2” bu gün dünyanın ən böyük qaz layihələrindən biridir. Artıq neçə ildir ki, “Şahdəniz” qazı dünya və region bazarlarına çıxarılır. Bu gün isə biz artıq Cənub Qaz Dəhlizinin icrasına çox yaxınlaşmışıq. Bu layihə Azərbaycanı bizim üçün əsas olan xarici bazarlarla, Avropa bazarları ilə birləşdirəcək. Bundan sonra onilliklər ərzində Azərbaycan Cənub Qaz Dəhlizinin icrasından iqtisadi maraqları təmin edəcək”, – deyə o vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, neft sektoru bu gün ölkəmizin həyatında çox mühüm rol oynayır və gələcəkdə də oynayacaq: “Bizim təşəbbüsümüzlə icra edilən layihələr artıq çoxdan ölkə hüdudlarından çıxıb, beynəlxalq məna daşıyır. “Əsrin kontraktı” artıq 20 ildən çoxdur ki, icra edilir. Biz bütün bu nailiyyətlərə “Əsrin kontraktı”nın nəticəsində çata bilmişik. Bu gün isə XXI əsrin kontraktı – “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Azərbaycan bu nəhəng meqalayihənin icrasında liderlik rolunu oynayır. Bu liderlik rolumuz artıq üçüncü dəfə Bakıda keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının qətnaməsində də öz əksini tapıb. Bu layihədə iştirak edən bütün ölkələr, eyni zamanda, Avropa İttifaqının, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın nümayəndəlikləri qəbul edilmiş qətnamədə ölkəmizin liderlik rolunu bir daha göstərirlər, bunu təsdiq edirlər. Bu, böyük şərəfdir və böyük məsuliyyətdir. Azərbaycan nəinki ölkə daxilində enerji məsələlərinin həllində nümunə göstərir, biz regional və qlobal əməkdaşlıq baxımından da bu gün xüsusi rol oynayırıq. Bu gün icra olunan Cənub Qaz Dəhlizi Avropada ən böyük infrastruktur layihəsidir, 40 milyard dollar səviyyəsində sərmayə qoyuluşu nəzərdə tutulur. Bütün işlər qrafik üzrə gedir. Əminəm ki, gələn il biz bu layihənin ən önəmli hissəsi olan “Şahdəniz-2” və TANAP layihələrinin icrasına nail olacağıq. Ümid edirəm ki, layihənin qalan bütün seqmentləri də vaxtında icra ediləcək”.

Prezident qeyd edib ki, “Əsrin kontraktı”nın əhəmiyyətini artıq Azərbaycan xalqı görür. “Əgər o vaxt bu kontrakt imzalanmasaydı, Azərbaycana heç kim investisiya qoymazdı, biz nəhəng neft infrastrukturu yarada bilməzdik”, – deyə o vurğulayıb.