“Bu proses milli maraqlarımızın qorunmasına öz töhfəsini verəcək”

“Son bir neçə ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev  tərəfindən  həyata keçirilən genişmiqyaslı islahatlar, siyasi sahəni də əhatə etməkdədir. Siyasi sahədə həyata keçirilən islahatlar nəticəsində ölkədə siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır”.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında  millət vəkili Ülvi Quliyev  Azərbaycanda həyata keçirilən iqtidar-müxalifət dialoqu və siyasi partiyaların rəsmi qeydiyyatı ilə bağlı məsələni şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, biz  son zamanlarda indiyədək  iqtidar-müxalifət  münasibətlərində müşahidə etmədiyimiz tamamilə yeni siyasi münasibətlər  sisteminin formalaşmasını görməkdəyik. 

“Görünən odur ki,  hakimiyyət iqtidar-müxalifət münasibətlərin  sivil qaydalara uyğun qurulmasında, davamlı olmasında, bunun bir ənənə halını alınmasında maraqlıdır və bu məsələdə  cənab Prezidentin də siyasi iradəsinin ortada olduğuna şahidlik etməkdəyik. Bu özünü istər son zamanlarda uzun illər fəaliyyət göstərən bir sıra siyasi partiyaların rəsmi dövlət qeydiyyata alınması, istər müxalif  siyasi qüvvələrlə  iqtidarın görüşünün keçirilməsi və onların  ölkədəki vəziyyətlə bağlı mövqelərinin öyrənilməsi, istər  hakimiyyətin qanunverici orqanı olan Milli Məclisdə müxalifət partiyaların  yüksək vəzifələrdə  təmsil olunması, istər   mediada fərqli düşüncəli qüvvələrin, iqtidar-müxalifət qüvvələrin  debatları və sair  formada  təzahürünü  göstərir.  Elə bu günlərdə Milli Məclisdə  parlament sədri Sahibə xanım Qafarovanın və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə  siyasi partiyaların görüşlərinin keçirilməsi ölkədə yeni siyasi konfiqurasiyanın  formalaşması istiqamətində atılan əməli addımdır.  Yəni hakimiyyət  öz əməli fəaliyyəti ilə bunu sübut etməkdədir. Hakimiyyətin bu addımı da müxalifət qüvvələrin mütləq əksəriyyəti tərəfindən müsbət  dəyərləndirilməkdədir. Siyasi qüvvələr əmindirlər ki, həyata keçirilən bu siyasət nəticə etibarı ilə fərqli düşüncəli partiyaların ölkənin inkişafı, milli marqlar naminə mövqelərin bir araya gətirilərək, dialoqun qurulması yeni  siyasi münasibətlər sisteminin  inkişafına  öz töhfəsini verəcək”- deputat bildirib.

Deputat əlavə edib ki, müxalifətin əsas  fəaliyyəti təkcə iqtidarı  yerli-yersiz tənqid etmək deyil: 

“Təbii ki, tənqid olmalıdır. Ölkə başçısı özü hətta müşavirə və toplantılarda  görülən işlərlə bağlı çatışmayan cəhətləri gündəmə gətirir, kadrları  üzərlərinə düşən vəzifəni yerinə yetirmədiyinə görə ən kəskin formada tənqid edir,  tutduğu vəzifədən azad edir. Əgər bunu ölkə başçısı edirsə, təbii olaraq müxalifət də çatışmayan cəhətləri gündəmə gətirməli və məsələnin həlli, ölkənin inkişafı  ilə bağlı təkliflərini verməlidir. Daha  bundan siyasi spekulyasiya vasitəsi kimi istifadə etməməlidir. 
Amma təəssüflər olsun ki, ölkədəki  bəzi siyasi qüvvələr  cənab Prezidentin dialoq məsələsinə hələ də qeyri-adekvat reaksiya verməkdə və ölkədə siyasi sabitliyi pozmaq,  xaos yaratmaq, ölkənin hərtərəfli böhrana sürüklənməsində maraqlıdır. Fəaliyyətlərini də ancaq bu istiqamətdə qurublar.  Bu isə yolverilməz haldır.  Qlobal problemlər və milli məsələlərdən  spekulyasiya edib dövləti xaosa sürükləmək  isə  ilk növbədə xalqa xəyanətdir.  İstənilən siyasi qüvvənin  hakimiyyət uğrundakı mübarizəsini    cəmiyyətdə xaos yaratmadan, böhranın dərinləşməsinə yox, alternativ ideya və fikir qoymaqla sivil formada aparmalıdır.
Ölkə başçısının siyasi islahatların, siyasi qüvvələr arasında münasibətlərin və əməkdaşlığın  dərinləşdirilməsinin əsas hədəfi bu cür mənfi halların aradan qaldırılmasına, siyasi mədəniyyətin fromalaşmasına nail olmaqdır. Hesab edirəm ki, başladılan  bu proses Azərbaycanda  iqtidar-müxalifət, partiyalar arasında siyasi mədəniyyətin formalaşmasına, sağlam əməkdaşlığın, dialoq mühitinin genişlənməsinə, bütövlükdə ümummilli məsələlərdə həmrəyliyin nümayiş etdirilməsinə, milli maraqlarımızın qorunmasına öz töhfəsini verəcəkdir”.