Bu su anbarı həyati əhəmiyyət daşıyır – Deputat

Zəyəmçay su anbarı Tovuz rayonu üçün həyati önəm kəsb edən layihələrdəndir.

XALQ.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib.

O, Zəyəmçay su anbarının əhəmiyyətindən bəhs edib:

“İyulun 23-də Prezident İlham Əliyevin yanında keçirilən video-müşavirədə su təsərrüfatının vəziyyəti, nöqsanlar, çatışmazlıqlar qeyd edilmiş və çıxış yolları ilə bağlı məsələlər ətraflı müzakirə olunmuşdu. Cənab Prezidentin tapşırığına uyğun olaraq, bu sahədə təxirəsalınmaz tədbirlər görülməkdədir və artıq “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Prezident Sərəncamı imzalanıb.

Sərəncamın “Tədbirlər Planı”na 2 saylı “Əlavə”də dağ çayları sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarlarının siyahısı təsdiq olunub. Bu siyahıda Zəyəmçay su anbarı da nəzərdə tutulduğu üçün çox şadam. Zəyəmçay su anbarı parlamentdə təmsil etdiyim Tovuz rayonunun (digər yaxın rayonların da) su ehtiyacını ödəmək, kənd təsərrüfatının inkişafı, xüsusən əkinçilik sahələrinin suvarılması baxımından çox önəmli su strukturudur. Parlamentdə Tovuz sakinlərinin səsini duyuraraq, su çatışmazlıqları mövzusunda çıxışlar etmiş, bu barədə Baş nazirə rəsmi məktubla müraciət etmiş bir millət vəkili olaraq mən cənab Prezidentin bu yeni Sərəncamının məqsədyönlülüyünü, həyati vacibliyini çox yaxşı başa düşürəm. Dövlət başçımıza çox minnətdarıq ki, həmişə olduğu kimi, yenə də xalqın ehtiyaclarına, vətəndaşın narahatlıqlarına dərhal reaksiya verdi. Bu münasibət dövlət başçısının imzaladığı sənədlərlə öz yüksək və konkret hüquqi həllini tapır; inanırıq ki, müvafiq dövlət orqanları da öz üzərlərinə düşən vəzifələri və məsuliyyəti eyni ruhla yerinə yetirəcək”.