Deputat: “Prezidentin təşəbbüsü COVID-19-la qlobal mübarizədə dönüş nöqtəsi olacaq”

“Prezident İlham Əliyev hakimiyyətə gəldiyi dövrdən başlayaq hər zaman regional və qlobal problemlərin həllini diqqət mərkəzində saxlayıb, bunun üçün səylərini əsirgəməyib. Cənab Prezidentin koronavirus pandemiyası ilə mübarizə sahəsində göstərdiyi beynəlxalq təşəbbüs də bu siyasətin tərkib hissəsi və davamıdır. Hətta dünyanın inkişaf etmiş ölkələri sərhədlərini bağlayıb özlərinə qapandıqları halda, Azərbaycan Prezidenti COVID-19 bəlası ilə mübarizə sahəsində qlobal həmrəyliyə və baxışa nail olmaq üçün əlindən gələni əsirgəmir”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

O vurğulayıb ki, virus dünyada yeni yayılmağa başladığı dövrdə müxtəlif ölkələr başlarını itirdikləri halda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda pandemiyaya qarşı gecikmədən, səbir və təmkinlə sistemli mübarizə tədbirləri görülüb. Azərbaycan Prezidenti eyni zamanda COVID-19-a qarşı mübarizə sahəsində beynəlxalq vasitəçilik missiyasını özü üzərinə götürüb.

Deputat qeyd edib ki, bu nəcib missiyanın çox böyük anlamı var və dünya tarixində öz layiqli yerini tutacaq: “Dövlətimizin başçısı nə istəyir? Niyyət və məqsədi nədir? Nəyə nail olmağı düşünür? Koronavirus qlobal problemdir, bütün ölkələri silkələyib, qlobal iqtisadiyyata mənfi təsir göstərib, ticarət dövriyyəsini azaldıb. Eyni zamanda bəzi ölkələrin səhiyyə sistemi bu vəziyyətin öhdəsindən gələ bilmir, həkim və dərman çatışmazlığı mövcuddur. Belə olan halda cənab Prezident çox haqlı olaraq hesab edir ki, COVID-19-la mübarisədə qlobal həmrəylik və vahid mövqe olmalıdır”.

Ü.Quliyev bildirib ki, Azərbaycan Prezidenti bu məsələdə yalnız bəyanatlar vermir, ciddi əməli addımlar atır. O, buna misal kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının və mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə zirvə görüşlərinin keçirilməsini göstərir: “Cənab Prezident hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrlik edir. Pandemiya ilə qlobal mübarizəyə həsr olunan ilk toplantıları da məhz Türk Şurası və Qoşulmama Hərəkatı keçirib. Hər iki videokonfrans Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutub və koronavirusla birgə mübarizə məsələsi geniş müzakirə olunub. Hətta Qoşulmama Hərəkatı Təmas Qrupunun videokonfransının mövzusunun adı “COVID-19-a qarşı birlikdəyik” kimi seçilmişdi. Cənab Prezident bununla da kifayətlənmədi və BMT Baş Assambleyasının COVID-19-a həsr olunan xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Dünyanın 130-dan çox dövləti bu təşəbbüsə dəstək verib. İndi xüsusi sessiyaya hazırlıq işləri görülür. Əminəm ki, bu toplantı pandemiya ilə qlobal mübarizənin başlamasına təkan verəcək və bu sahədə dönüş nöqtəsi olacaq”.

“Dünya bu günə qədər Prezident İlham Əliyevin enerji təhlükəsizliyi, nəqliyyat, tranzit və logistika infrastrukturunun şaxələndirilməsi, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması sahəsində qlobal layihələrinin şahidi olurdu. İndi isə dövlətimizin başçısı beynəlxalq tibb, sağlamlıqla bağlı təşəbbüslə çıxış edib və dünyanın ölkələrinin üçdə ikisinin dəstəyini qazanıb” – deyən Ülvi Quliyev hesab edir ki, bütün bunlar Prezident İlham Əliyevin qlobal liderliyini, düşüncə tərzini və baxışını əks etdirir: “Dünyanın bəxti onda gətirib ki, koronavirus pandemiyasının tüğyan etdiyi dövrdə İlham Əliyev kimi lider var. Çünki o, yalnız Azərbaycan vətəndaşlarını deyil, bütün insanları, bəşəriyyətin gələcəyini düşünür. Atdığı addımlara, gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə baxanda sevinirsən ki, nə yaxşı ki indiki mərhələdə Qoşulmama Hərəkatına, Türk Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına cənab İlham Əliyev rəhbərlik edir. Mən xüsusi ilə Qoşulmama Hətəkatını vurğulayardım. Ona görə ki, bu təşkliat dünyada BMT-dən sonra ən böyük beynəlxalq birlik formatıdır və 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. İlham Əliyev Qoşulmama Hərəkatının sıradan, protokol sədri deyil, sözün həqiqi mənasında lideridir. O, dünyanın ağır sınaqdan keçdiyi bir dövrdə həyata keçirdiyi siyasətlə, gördüyü işlərlə əsil qlobal liderlik nümayiş etdirir. BMT Baş Assambleyasının koronavirusla mübarizə üzrə xüsusi sessiyası zamanı bunun bir daha şahidi olacağıq”.

Deputat onu da vurğulayıb ki, Azərbaycan indiyə qədər koronavirusla mübarizə sahəsində 30-dan artıq ölkəyə yardım edib: “Digər dövlətlərin də Azərbaycanın başlatdığı bu prosesə dəstək verməsinin vaxtı çatıb. Çünki bəzi ölkələr pandemiya ilə təkbaşına mübarizə apara bilmir”.