“Bu yardım bir çox insanın həyatını xilas etdi”

“Azərbaycan dövləti xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa böyük əhəmiyyət verir. Bu prinsip pandemiya şəraitində də xarici ölkələrlə əlaqələrdə özünü aydın şəkildə göstərir”.

XALQ.AZ-ın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, bütün dünyanı koronavirus pandemiyası bürüdüyü bir şəraitdə Azərbaycan pandemiyaya qarşı mübarizə ilə bağlı mühüm təşəbbüslərlə çıxış edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin sədrliyi ilə Türk Şurasının və Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsi də buna nümunədir: “Hər iki Zirvə görüşü məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşdi. Zirvə görüşlərində koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı geniş müzakirələr aparıldı, müxtəlif fikir və təkliflər irəli sürüldü. Şübhəsiz ki, dünya ölkələrinin bu formatda əməkdaşlığı pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərməkdədir. Təsadüfi deyil ki, Zirvə görüşlərində iştirak edən ölkələrin başçıları, eləcə də, BMT-nin və Ümumdünya Səhiyyə Təşkilatının rəhbərləri Azərbaycan Prezidentinin pandemiya ilə mübarizə təşəbbüslərini yüksək qiymətləndiriblər. Bütün bunlar onu göstərir ki, Azərbaycanın bu beynəlxalq təşkilatlara sədrliyi formal xarakter daşımır, əksinə ölkəmiz çox fəal işlər aparır”.

Millət vəkili qeyd edib ki, pandemiya ilə mübarizədə Azərbaycan dünyada nümunə kimi təqdim olunur. Təsadüfi deyil ki, Azərbaycan bu məsələdə bəzi ölkələrə yardım da göstərib. “Mayın 19-da Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev  bildirib ki, çətin gündə kimin imkanı varsa, kömək etməlidir, həyatda da, siyasətdə də. Dövlətimizin başçısı da müsahibədə ölkəmizin bu günə qədər bır sıra ölkələrə və  beynəlxalq təşkilatlara yardım göstərdiyini deyərək vurğulayıb: “Biz təyyarələrlə yardımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu reklam etməmişik. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib. Biz bilirik, o ölkələrin maliyyə vəziyyəti imkan vermir ki, onlar lazımi tədbirləri görsün. Əminəm ki, bu yardım bir çox insanın həyatını xilas etdi. Əsas məsələ budur””.

Millət vəkili söyləyib ki, ölkəmizin bu istiqamətdə təşəbbüsləri və humanist addımları beynəlxalq müstəvidə nüfuzunun daha da güclənməsi ilə müşayiət olunur: “Pandemiyadan əziyyət çəkən bir sıra ölkələrə yardım göstərilməsi Azərbaycanın humanist, yardımsevər siyasətinin əyani nümunəsidir”.