Bundan sonra turizm obyektlərinə axın olacaq

“Azərbaycanda əhalinin əksəriyyəti çoxmərtəbəli yaşayış binalarında məskunlaşıb. Buna görə də karantin dönəmində evdə qalmaq onlar üçün daha çətindir”.

Bunu XALQ.AZ-a koronavirus pandemiyasının sabitləşməsi və karantin rejiminin ləğv edilməsindən sonrakı vəziyyət haqqında danışarkən turizm sahəsi üzrə mütəxəssis Məhərrəm Zülfüqarlı deyib. O hesab edir ki, karantin rejimi ləğv ediləndən sonra bundan sıxılan insanlar turizm obyektlərinə axın edəcək:

“Azərbaycan xalqı zəhmətkeşdir. Səhərdən-axşama qədər işləyən insanlar birdən-birə evə qapanıb, gözləyir. İndi hər kəs, işi-gücü də bir kənara qoyub, təbiətin qoynuna çıxmağı, səyahət etməyi, yaz havası udmağı daha çox arzulayır. Aydın görünür ki, koronavirus təhlükəsi sovuşduqda turizmin inkişafında böyük irəliləyiş olacaq. İnsanlar tam əmin olduqda, təhlükənin aradan qalxdığını yəqin etdikdə, turizm obyektlərinə axın edəcəklər”.

M.Zülfüqarlı qeyd edib ki, turizm şirkətləri, turistik müəssisələr, istirahət obyektləri bu sahədə baş verəcək sıçrayışa hazır olmalıdırlar:

“Cari işləri həll etməklə, təmir-bərpa prosedurlarını bitirməklə, yeniliklər tətbiq etməyə çalışmaqla mövsümə hazır olmalıdırlar. Dəfələrlə görmüşük ki, turizm mövsümündə, müştərilərin axın etdiyi zamanda hansısa turizm obyektində təmir, genişlənmə işi aparılır. Bu işləri turizm mövsümünə hazırlaşarkən bitirmək gərəkdir. Nəzərə alsaq ki, karantindən sonra insanların əsas üz tutacağı yerlər təbiət qoynundakı səfalı guşələr və ya dəniz kənarı olacaq, burada yerləşən turizm obyektlərinə daha çox iş düşür”.