“Bunlar virusun yayılmasına təkan verən ən əsas məqamdır”

afet hasanova 140520

Təəssüflər olsun ki, bu gün koronavirus pandemiyası dünyanı təhlükə ilə qarşı-qarşıya qoymaqda davam edir. Dünyanın bütün ölkələri virusun yayılmasının qarşısını almaq məqsədilə karantin rejimi tətbiq etmək, kütləvi tədbirləri təxirə salmaq məcburiyyətində qalır.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Afət Həsənova bildirib.

Deputat qeyd edib ki, koronavirusun mövcud olduğu son 5 ayın təcrübəsi göstərdi ki, insanların qapalı və açıq məkanlarda kütləvi şəkildə toplaşmağı virusun yayılmasına təkan verən ən əsas məqamdır.

“Bu baxımdan bütün dünyada insanların kütləvi toplaşdırığı bütün yerlər, o cümlədən məscidlər, kilsələr, ibadətgahlar bağlanıb. Bu səbəbdən də müsəlmanlar Ramazan və Qurban, xristianlar Pasxa bayramlarını məscid və kilsələrdə qeyd edə bilməyiblər. Məlum olduğu kimi İslam dinində vacib əməllərdən sayılan Həcc ziyarəti də bu il çox məhdud çərçivədə qeyd olundu, başqa ölkələrdən zəvvarların gəlməsinə şərait yaradılmadı.

Bildiyiniz kimi Məhərrəm ayı və Aşura da bu il koronavirusla bağlı yaranmış olduqca təhlükəli və riskli şəraitə təsadüf edir. Bu baxımdan insanların sağlamlığının qorunması, virusun yayılmasının qarşısının alınması kimi məsələlər ön plana çıxır. Belə bir vəziyyətdə Azərbaycan dövlətinin üzərinə əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi kimi mühüm vəzifə düşür.

Azərbaycan ilk gündən əhalinin sağlamlığının qorunması istiqamətində bütün tədbirləri həyata keçirib və keçirməkdə davam edir. Bunun nəticəsində virusun yayılmasının qarşısının alınması istiqamətinə müsbət tendensiya əldə olunub.

Hesab edirəm ki, bu tendensiyanı qorumaq üçün Məhərrəm ayında da bu qaydalara riayət etməliyik. Bu baxımdan, Məhərrəmlik mərasimlərinin Ramazan ayının mərasimlərinə uyğun şəkildə həyata keçirilməsi namazların fərdi qaydada evdə qılınması, müvafiq ayinlərin virtual məkanda izlənməsi İslam alimlərinin və din xadimlərinin tövsiyələrinə əməl olunması baxımdan vacibdir. Çünki Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə, karantin rejimininin daha da uzanmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər.

Azərbaycan möminləri, inanclı şəxslər dövlətin pandemiya ilə bağlı qəbul etdiyi qərarlara böyük hörmətlə yanaşır, gördüyü işləri yüksək qiymətləndirir və yüksək məsuliyyət və intizamlı davranışla qlobal bəla ilə mübarizəyə güc qatırlar.

Azərbaycan xalqı, vətəndaşlarımız həmişə anlaşıqlıq, yüksək mədəniyyət nümayiş etdiriblər. Dindarlarımız da insanları hazırkı mürəkkəb vəziyyəti nəzərə almağa dəvət edir, çağırışlar səsləndirirlər”.