“Burada yeganə məqsəd insanların sağlamlığını qorumaqdır”

“Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iyunun 24-də Gəncə şəhərinə səfəri regionlara xüsusi diqqət və qayğının nəticəsidir. Dövlət başçısı respublikamızın hərtərəfli sosial-iqtisadi tərəqqisinə nail olmaq, insanların həyat səviyyəsini yaxşılaşdırmaq, yeni iş yerlərinin açılmasıni təmin etmək, sosial məsələləri həll etmək, ümumilikdə xalqın rahat yaşaması üçün şərait yaratmaq məqsədilə regionlara davamlı səfərlər edir”.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, Prezidentin Gəncəyə səfərləri də ənənə halını alıb və bu, son 17 ildə 16-cı səfəridir:

“Bu o deməkdir ki, Azərbaycanın ən iri sənaye mərkəzlərindən biri olan Gəncənin iqtisadi və sosial inkişafına dövlət tərəfindən fasiləsiz, davamlı dəstək göstərilir. Bu isə Gəncənin inkişafında xüsusi rol oynamaqdadır. Son 16 ildə Gəncədə iqtisadi inkişafın 4,3 dəfə, sənayenin 2,7 dəfə, kənd təsərrüfatının 2,8 dəfə artması məhz bu uzaqgörən dövlət siyasətinin məntiqi nəticəsidir. Son illərdə bu şəhərdə yeni müəssisə və sənaye mərkəzlərinin istifadəyə verilməsi əhalinin məşğulluğunun təmin edilməsinə və sosial rifahının artmasına səbəb olubdur. 2003-2020-ci illər ərzində Gəncədə 60 mindən artıq iş yeri açılıb ki, bu da şəhərin yüksək inkişaf mərhələsində daxil olduğunu təsdiqləyir”. 

Millət vəkili qeyd edib ki, dövlət başçısının səfərləri yeni istehsal, xidmət, sosial infrastruktur obyektlərinin istifadəyə verilməsi, yeni mühüm obyektlərin tikintisinin əsasının qoyulması ilə yanaşı, bölgələrdə yaşayan insanlarla yaxın təmaslar nəticəsində həmin şəhər və rayonların konkret problemlərinin, əhalini narahat edən məsələlərin birbaşa yaxından öyrənilməsi və bu istiqamətdə konkret təxirəsalınmaz tədbirlərin görülməsi mümkün olur:

“Gəncə sakinlərinin zəruri sosial infrastrukturlarla təminatı davamlı olaraq yaxşılaşmaqdadır. Dövlətin maliyyə imkanları artdıqca bu bölgədə sahibkarlığa maliyyə dəstəyi güclənir, eyni zamanda, sosial proqramların icrası da genişlənir, əhalinin mənzil təminatına xüsusi diqqət artırılır. Gəncədə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilmiş yaşayış kompleksinin tikintisi də vətəndaşlara olan sosial qayğının nümunəsidir”. 

Fatma Yıldırım vurğulayıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə açılışı olan 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun istifadəyə verilməsi ölkəmizin səhiyyə sisteminin imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır:

“Bu səhiyyə müəssisəsinin istifadəyə verilməsi koronavirus xəstələrinin müalicəsinin təşkilində əlavə imkanların cəlb edilməsinə, onların sağlamlığının bərpasında mühüm rol oynayacaq. Gəncədə modul tipli infeksion xəstəliklər korpusunun yaradılması bir daha dövlətin vətəndaşların sağlamlığına xüsusi diqqətinin nümunəsidir, bu tibb ocağı xəstəliklə mübarizədə səhiyyəmizin imkanlarının səfərbər edilməsində yeni potensial deməkdir. Dövlət səhiyyənin imkanlarını artırmaq məqsədilə qarşıya qoyduğu vəzifələri tam təmin edir. Yeni modul tipli xəstəxanaların tikilməsi və istifadəyə verilməsi, yeni reanimasiya otaqlarının yaradılması, ən müasir tibbi avadanlıqların quraşdırılması sistemli şəkildə həllini tapır. Burada yeganə məqsəd insanların sağlamlığını qorumaqdır”.

Millət vəkili səhiyyə müəssisəsinin açılışında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə də münasibət bildirib:

“Dövlət başçısının cəmiyyətə ünvanladığı mesajlar sosial davranış və milli birliyin gücləndirilməsi üçün növbəti çağırışdır. Dövlətimiz ötən günlərdə milli həmrəyliyimizin sarsılmaz gücünü dünyaya nümayiş etdirdi. Xalqımız dövlətin çağırışlarına qoşularaq karantin rejiminə riayət etməklə təhlükəyə qarşı yenilməz birlik nümayiş etdirdi. Ancaq son günlərdə bəzi insanlar hökumətin tələblərinə və elementar qaydalara əməl etmirlər, məsuliyyətsizlik göstərirlər, bu isə xəstəliyin geniş yayılmasına və yoluxmaların sayının artmasına səbəb olmaqdadır. Cənab Prezident də bunu narahatlıqla ifadə etdi, insanları sosial davranışa dəvət etdi, vəziyyəti dərindən anlamağa çağırdı. Çünki xəstələnənlərin sayı, dinamikası artır və bu, səhiyyə sistemimiz, tibbi heyətimiz üçün çətinliklər yaradır. Ona görə də hər bir vətəndaş şiddətli virus hücumunun hələ məhv olmadığını, əvvəlki tək aramızda olmasının məsuliyyətini dərk etməli, laqeydlikdən uzaq olmalıdır. Bu, hamımızın, dövlətimizin və xalqımızın təhlükəsizliyi üçün olduqca vacibdir”.