“Bütün haram pullar haramzadələrin burnundan gələcək!” – Elşən Musayev

“Korrupsiyaya qarşı mübarizə daha geniş vüsət alacaq və bütün istiqamətləri əhatə edəcək. Kim əyri yoldadırsa, kim dövlətə və vətəndaşa qarşı xəyanət xətti tutursa və tutacaqsa, kim daşıdığı vəzifənin yükünü, mahiyyətini, məsuliyyətini anlamayacaqsa, sonucda Vilyam Hacıyevin taleyini yaşamalı olacaq. Çünki ortaya prinsipial mövqe qoyulub. Çünki başqa yol yoxdur. Çünki ayrı çarə yoxdur. Çünki belələrini islah eləməyin, yanlış yoldan çəkindirməyin ayrı alternativi yoxdur”  XALQ.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasinin sədri, millət vəkili Elşən Musayev İmişlinin keçmiş icra başçısının həbsinə münasibət bildirərkən söyləyib.

“Az qala hər həftə biri ifşa olunur, əli qandallanır. Amma bəziləri bütün bu yaşananlardan yenə özü üçün dərs götürmür, yenə “ənənəvi” fəaliyyətindədir və elə bilirlər bir-iki görüş keçirməklə, gözə kül üfürməklə, imitsasiya eləməklə iş bitir. Və ya, bəziləri elə zənn edir, rüşvəti ancaq xidməti kabinetdə almaq olmaz, evdə, parkda, kənarda olar. Yaxşı bəs niyə belə düşünürlər, niyə belə zənn edirlər? – Çünki rüşvətxorun daşıdığı zehniyyət budur. O zehniyyət yüz tənqiddən, iraddan, xəbərdarlıqdan sonra da dəyişmir. Həmin qismin prosesi dəyərləndirmə, analiz etmə qabiliyyəti, resursu, imkanı, istedadı olmur. Ona görə də nəticə etibarilə bu vəziyyətə qalırlar. Layiq olduqları yerə göndərilirlər.

Ləyaqətlə yaşamaq lazımdır ki,  dövlətçilik tarixinə adın qara hərflərlə yazılmasın. Zamanında normal işləmək lazımdır ki, bu şəkildə biabır olmayasan. Öz də bir tək dövlətin deyil, həm də ailənin yanında biabır olmayasan. Amma demək ki, məlum gerçəkliyi anlamayanlar, nəticəni hesablamayanlar, bəsirət gözlərini açmağa cəhd belə etməyənlər, rüşvət və korrupsiya ilə qidalananlar hələ də var. Mübarizə bax həmin zümrəyə qarşıdır. Üstəlik, son dərəcə ciddi və faydalı mübarizədir. Hər kəs tərəfindən də dəstəklənir və bundan sonra da dəstəklənəcək!

İcra başçısının, digər yüksək rütbəli məmurun işi villa kolleksiyalarını, bahalı maşın markalarını, hüdudsuz obyektləri sıralamaq deyil. Onların işi kiminsə torpağını əlindən almaq, şikayətçini qapıdan qovmaq, özündən müştəheb bir həyat yaşamaq deyil. Məmurun işi var-dövlət, cah-cəlal toplamaq da deyil. Artıq hamı anlasın bunu. Anlasın və ayılsın. Ayılsın və dərk etsin. Hətta bir tək dərk yox, həm də qulağına sırğa etsin: bütün haram pullar haramzadələrin burnundan gələcək. Düzgün işləmək lazımdır. Xalqın, vətəndaşın xidmətində, qulluğunda durmaq lazımdır. Doğru və şəffaf insanların fəaliyyəti daim qiymətləndiriləcək. Böyük günahlar isə əsla və əsla bağışlanmayacaq!” – deyə partiya sədri fikirlərinə davam edib.