Bütün sahələrdə əldə edilən nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfədir

 

 

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları uğurla icra olunur

Son illər Azərbaycan sürətlə inkişaf edir. Bütün sahələrdə əldə edilən nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfədir. Sosial-iqtisadi sahələrdə gerçəkləşdirilən sistemli islahatlar aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri tərəfindən yüksək qiymətləndirilir.
Bu gün paytaxt Bakı ilə yanaşı, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları uğurla icra olunur. Bütün bunlar bölgələrdə yeni iş yerlərinin açılmasına səbəb olur, işsizlik probleminin aradan qaldırılmasında mühüm rol oynayır. Bu proqramlar, eyni zamanda, Azərbaycan bölgələrinin iqtisadi potensialının artmasına, biznes və investisiya mühitinin yaxşılaşmasına səbəb olur. Bütün görülən işlər ölkəmizin strateji inkişaf hədəflərinə, müəyyənləşdirilən məqsədlərə çatmasına müsbət təsir göstərir.
Hazırda regionlarda yeni rəqabətqabiliyyətli müasir sənaye sahələri yaradılır, infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra olunur. Qeyri-neft sənayesinin inkişafına mühüm təsir göstərəcək sənaye məhəllələrinin qurulması da diqqət mərkəzində saxlanılır. Xatırladaq ki, yaxın və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parkında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik güzəştlər nəzərdə tutulub.
Azərbaycan Prezidentinin regionlara son səfərləri zamanı Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil magistralının, Biləsuvarda 20 mindən çox sakinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun, habelə Masallı və Quba rayonlarında bir sıra mühüm obyektlərin istifadəyə verilməsi, artıq bütün dünyada respublikamızın brendinə çevrilən “ASAN xidmət” mərkəzinin İmişli rayonunda açılması ölkə rəhbəri İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırması üçün yürütdüyü məqsədyönlü siyasətin məntiqi nəticəsidir.

Elçin QULİYEV,
Milli Məclisin deputatı