“Bütün siyasi qüvvələrin potensialı diqqət mərkəzindədir” – Elşən Musayev

“Azərbaycanın siyasi sistemində gözə çarpan müsbət dəyişikliklər, siyasi partiyaların fəallığı və yüksəlişi üçün yaradılan şərait, daha geniş çərçivəli rəqabət mühitinin formalaşması onun göstəricisidir ki, mövcud iqtidar bütün siyasi qüvvələrin maraqlarının təmin olunmasında qərarlıdır. Üstəlik, həm də həvəsli və israrlı. Hər halda bütün atılan addımlar bunu göstərir. Məlum istiqamətdə aparılan bütün islahatlar yeni siyasi konfiqurasiyanın yaranmasından xəbər verir. Xoşdur, məlum prosesləri izləmək. Olduqca xoşdur.” – XALQ.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev uzun illərdən sonra Ədliyyə Nazirliyi tərəfindən siyasi partiyaların yenidən rəsmi qeydiyyata alınmasına münasibət bildirərkən söyləyib.

“Aparılan son islahatlardan, ələlxüsus da məmur təyinatlarından sonra yaranan münbit şərait hələ çox yollara işıq salacaq, hələ bir çox təşəbbüslərə qapılar açacaq. Buna əminəm. Artıq hər mənada və hər məqamda müsbət dəyişikliklər hiss olunur. Bunu şəxsən öz rəhbərlik etdiyim Partiyanın və digər həmkarlarımın timsalında söyləyə bilərəm. Son zaman göstərilən siyasi təşəbbüslər, siyasi partiya liderləri ilə keçirilən görüşlər, onlarla aparılan müzakirələr, fikir mübadilələri də olduqca təqdir olunmalı haldır. Və bu hal bir yenilikdir. Ayrıca, həm də siyasi sistemin tam yeni və operativ, innovativ metodlarla idarə edilməsinə işarədir, hər kəsə əl uzatımıdır, ciddi mesajdır, həmrəylik nümunəsidir.

Bildiyiniz kimi, Parlament tarixində ilk dəfə müxalif Partiyanın nümayəndəsi vitse-spiker seçilib. Eyni zamanda dediyim fikri komitə sədri və komitə sədrinin müavinlərinə şamil etmək olar. Şəxsən mən də həmin qəbildənəm. Həmin sıradayam. Bu isə o deməkdir ki, hamının potensialı diqqət mərkəzindədir. Artıq fərqli siyasi fikirlərin üst mərtəbəyə, ali xəttə çıxması, daşınması üçün münbit şərait var. Və əmin olun: Dünyanın heç bir ölkəsində belə şey yoxdur. Hətta demokratiyanın beşiyi sayılan ölkələrdə belə. Azərbaycan iqtidarı məlum istiqamətdə də yeni yol açdı, yeni örnək düsturu yaratdı, siyasi konfiqurasiyanın yeni mexanizmini hazırladı.

Amma çox təəssüflər olsun ki, bəzi anti-milli qüvvələr, radikallığı özləri üçün bayraq və fəaliyyət prioriteti seçənlər, qaraguruh və nimdaş xislətləri ilə tarixin zibilliklərində çabalayanlar hətta bu demokratiyanı, bu münbit şəraiti belə qiymətləndirmək gücündə, əzmində, iradəsində deyillər. Yenə gileylənirlər, yenə səmimiyyətdən uzaqdırlar, yenə öz köhnə amplualarındadırlar. Belələri hələ də anlamır ki, qeyri-ənənəvi üsulla, faşizm təfəkkürü ilə, nifrinlə, kinlə, qisas hissi ilə siyasi fəaliyyət olmur. Ola bilməz! Anlamırlar. Gerçəkdən anlamırlar. Ona görə bu gündədirlər. Ona görə qınaq və nifrət obyektidirlər. Ona görə sevilmirlər. Ona görə Əli Kərimlinin, Gültəkin Hacıbəylinin, Cəmil Həsənlinin, “Milli Şura”nın adı xəyanət adı ilə assosiasiya olunur. Ona görə bu anti-milli ünsürlər namərdliyin, nadürüstlüyün, təkəbbürün, simasızlığın rəmzlərinə çevriliblər.” – deyə partiya sədri fikirlərinə davam edib.