“Bütün xəyanətkarlar cəzasını alacaq!” – Deputatdan sərt sözlər…

Görünən və müşahidə olunan budur ki, Mədəniyyət nazirliyində əməlli-başlı kolxoz bazarı açılıbmış. Mədəni irsimizlə, tarixi abidələrimizlə, böyük mədəniyyət layihələri ilə bağlı bəzi məsləhət verənlər və qərar qəbul edənlər də oturubmuşlar həmin bazardakı piştaxtaların, tərəzilərin qabağında,əməlli-başlı alver edirmişlər. Yəqin bu səbəbdəndir ki, DTX zabitləri nazirlikdə o boyda əməliyyat keçirdi, “evin” içindən müavini, idarə rəisini qandallayıb apardı, amma nazirlik rəsmilərindən hələ bir nəfər də olsun səhih açıqlama verməyə tələsmir, ortada heç bir aydınlatma yoxdur. Bircə nazir deyib ki, biz hüquqi dövlətdə yaşayırıq, neqativ nəsə varsa ona hüquqi qiymət veriləcək. Vəssalam. Oysa, bu arada cənab nazirə sual verən gərək: Bəs ümumi məsuliyyət, öhdəlik? – Onu kim daşıyır? Bəs məhkəmə qərarına şərh? – Onu kim verməlidir? Bizmi verməliyik? Başqa nazirliyin əməkdaşı, rəsmisimi verməlidir? Niderlandin Mədəniyyət nazirimi verməlidir? Bir adam çıxsın xalqın qarşısına. Mətbuat konfransı keçirsin, geniş müsahibə versin, ya da nə bilim hansısa formada ittihamları cavablandırsın. Desin, bu hallar var ya yox. Varsa niyə var. Yoxsa necə yoxdur və ya bu boyda sadalanan, göstərilən korrupsiya faktlarının, alınan “şapka”ların, rüşvət əməliyyatının adı nədir bəs?

Teatra, kinoya cavabdeh – bunlar. Muzeyə, kitabxanaya cavabdeh – bunlar. Digər onlarla, bəlkə də yüzlərlə önəmli sahəyə cavabdeh – bunlar. Və ardınca növbəti sualımı verirəm: Bu boyda radiusu, çevrəni əhatə edən öhdəlik, məsuliyyət necə dərk edilməyə bilər? Bu boyda etimadın qarşılığında necə korrupsiyaya, rüşvətə, haram pula qurşanmaq, meyllənmək olar? Erməni şərəfsizlər onsuzda Qarabağda dağıtdıqlarını dağıdıblar, yetərincə vandallıq ediblər, buradakı əmanətləri də Rafiq Bayramov, Zakir Sultanov və onların havadarlarımı dağıtmaq istəyib? Adı nədir ümumiyyətlə bu əməllərin? Səhlənkarlıqmı? Vəzifədən sui-istifadəmi? Cinayətmi? Bəli, verilən sualın cavabına sadalananların hamısı uyğun gəlir. Amma bunun daha böyük və ağır adı var: XƏYANƏT! Daha dəqiqi, məlum sıralamada dövlət mənafeyinə ziyan vuran şəxslərə ən yaraşan addır – Xəyanət!

Şüşəsı qırıq mədəniyyət klublarının pəncərələrində, diqqətdən kənar qalmış kitabxanaların tozlu rəflərində, pul və rüşvət müqabilində tamam başqa təyinatlı obyektlərə satılan mədəniyyət ocaqlarının divarlarında yığışıb qalan ahlar belələrinin qənimi olacaq. Müşfiqin, Üzeyirin, Xanın, böyük ziyalılarımızın, mədəniyyət fədailərimizin ruhu onları əsla və əsla bağışlamayacaq.

Dövlətin və Prezidentin etimadını doğrultmaq lazım idi. Doğrultmadınızsa cəzanızı çəkəcəksiniz!   

Elşən Musayev Milli Məclisin deputatı