Cəlilabadın Cəlayir kəndi qazlaşdırılıb

XALQ.AZ xəbər verir ki, Cəlilabadın Cəlayir kəndinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB) bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində İB tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. Sentyabrın 12-də Cəlilabad rayonunun Cəlayir kəndinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Bildirilib ki, 147 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 min 54 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 11 min 383 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

 

Orxan