Cəbhə bölgəsində bayraq yürüşü

Noyabrın 6-da Təhsil Nazirliyi Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyəti ilə birgə Horadiz şəhərində Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib. Yürüşün keçirilməsində məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

XALQ.AZ xəbər verir ki, yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, hərbçilər, Qarabağ müharibəsi veteranları, gənclər, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak ediblər. Yürüş iştirakçıları əvvəlcə Horadiz şəhərində Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.

Üç mindən çox insanın iştirak etdiyi yürüş Heydər Əliyev parkından Dövlət Bayrağı Meydanına qədər davam edib. Hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.

Təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə çıxış edərək, Azərbaycan dövlətinin və istiqlalının müqəddəs rəmzlərindən olan bayrağın milli kimliyimizin simvolu və bu il 100-cü ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğunu vurğulayıb. Firudin Qurbanov hər bir azərbaycanlının qürur yeri olan dövlət bayrağının tarixindən söz açıb və Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq ruhunda tərbiyə olunması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Nazir müavini varlığımızı və gücümüzü dünyaya tanıdan bayrağımızın işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında buna nail olunacağına inamını ifadə edib.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Dövlət Bayrağı Gününün qeyd olunmasını dövlətçilik tariximizin əlamətdar hadisəsi kimi qiymətləndirib. Cəbhə bölgəsində belə tədbirin keçirilməsinin gənclərdə bayraq sevgisini daha da artıracağını vurğulayıb. Bildirib ki, respublikanın bütün bölgələrində olduğu kimi, Horadiz şəhərində də Bayraq Meydanı inşa edilib. 10 hektar ərazidə salınan Bayraq Meydanında ucaldılan 67 metr hündürlüyündə bayraq dirəyi bütün ətraf ərazilərdən aydın görünür və cəbhə bölgəsində yaşayan füzulililərin qəlbini fərəh, qürur hissi ilə doldurur.

Tədbirdə çıxış edən N saylı hərbi hissənin zabiti Elşad Əbilov və professor Anar İsgəndərov “Bayraq yürüşü”nün keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib, üçrəngli bayrağımızın hər zaman yüksəklərdə dalğalanacağına əmin olduqlarını bildiriblər.

Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdirib, məktəblilərin ifasında bayrağa aid mahnı və rəqslər təqdim olunub.

Təhsil nazirinin müavini Firudin Qurbanov səfər çərçivəsində Horadiz şəhər 3 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi ilə də görüşüb və təhsil ocağına hədiyyələr verilib.

 

Orxan