Cəbhədə konsert keçirildi

49

“Biz ordumuzun gücünə inanırıq”.

Ağdamda “Biz Qarabağlıyıq!” adlı konsert proqramı keçirilib.

XALQ.AZ  xəbər verir ki, 13 sentyabr 2014-cü il tarixində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanovun şəxsi təşəbbüsü, “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı və “KarabakhİNFO.TV” internet televiziyasının  təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi dəstəyi ilə Ağdam rayonunda N saylı hərbi hissədə hərbi qulluqçıların döyüş əhval-ruhiyyəsini yüksəltmək məqsədi ilə “BİZ QARABAĞLIYIQ!” adlı konsert proqramı keçirilib.

Proqramda xalq artisti Flora Kərimova, əməkdar artist Rəmiş, öz ansamblı ilə birlikdə əməkdar artist Baloğlan Əşrəfov, Yusif Mustafayev, 2011-ci il II Respublika Muğam Müsabiqəsinin qalibi Aytən Məhərrəmova və digər incəsənət nümayəndələri iştirak ediblər.  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani döyüş bölgəsində yerləşən hərbi hissələrdə hərbi qulluqçuların döyüş əhval-ruhiyyəsinin yüksəldilməsi baxımından tədbiri yüksək qiymətləndirib və tədbirin təşkil olunmasına görə millət vəkili Elxan Süleymanov başda olmaqla AVCİYA və “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının nümayəndə heyətinə təşəkkür edib.

Daha sonra çıxış edən AVCİYA-nın vitse-prezidenti, “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının Baş direktoru Vəli Əlibəyov tədbirin təşkilində göstərdikləri dəstəyə görə Müdafiə naziri general-polkovnik Zakir Həsənova, Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi, general – leytenant Kərim Vəliyevə, III korpus komandiri Nizami Osmanova və Ağdam N saylı hərbi hissənin zabit və əsgər heyətinə öz təşəkkürlərini bildirib. Vəli Əlibəyov həmçinin millət vəkili Elxan Süleymanovun da salamlarını hərbi qulluqçulara çatdırıb.

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının Baş redaktoru, yazar Zaur Qəriboğlu öz çıxışı zamanı döyüş bölgəsində xidmət edən hərbi qulluqçuların döyüş əhval – ruhiyyəsinin yüksək olmasının əhəmiyyətini qeyd edib:

“Ön cəbhədə xidmət edən, daim düşmənlə üz-üzə gələn əsgərlərimizdə döyüş əhval ruhiyyəsi xüsusilə yüksək olmalıdır. Biz ordumuzun gücünə inanırıq və tezliklə onlardan qələbə xəbərini alacağımıza əminik”.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.