Cəlilabadda əməliyyat – 2 nəfər saxlanıldı – FOTO

DSX-dan XALQ.AZ-a verilən məlumata görə, 7 may tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunu Qarakazımlı kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu ağ rəngli VAZ-21011 markalı 10-NF-619 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.

Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhəd naryadı tərəfindən ona “dayan” əmri verilmiş, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılmışdır. 

Saxlanılan şəxsin 1983-cü il təvəllüdlü Cəlilabad rayonunun Kövüzbulaq kənd sakini Zamanov Daxil Möhbalı oğlu olması müəyyənləşdirilmiş, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 10 qram “heroinə” oxşar narkotik vasitə aşkar olunaraq götürülmüşdür.  

D.Zamanovun sərhədçilər tərəfindən tutulmasını müşahidə edən avtomobilin sürücüsü  xidmətdə olan sərhəd naryadına avtomobil ilə xəsarət yetirərək hadisə yerindən uzaqlaşmışdır.  

İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçmış şəxsin saxlanılması istiqamətində Daxili İşlər Nazirliyinin Cəlilabad rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Cəlilabad rayonunun ərazisində saxlanılmışdır. Saxlanılmış şəxsin 1987-ci il təvəllüdlü Süleymanov Vasif Fədail oğlu olması və əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum edilməsi müəyyənləşdirilmişdir. 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

XALQ.AZ