Cəlilabadda bayram təntənə ilə qeyd olunub

 

05

Cəlilabadda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 22-ci ildönümünə həsr edilmiş bayram tədbiri keçirilmişdir

Cəlilabad şəhərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi ikinci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Xalq.az  xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası tarixindən, indiyədək keçilən şərəfli inkişaf yolundan geniş söhbət açılmışdır.
Bildirilmişdir ki, ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin müdrik strategiyasına uyğun respublikamızda həyata keçirilən irimiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunmasına zəmin hazırlamışdır.
Diqqətə çatdırılmışdır ki, müstəqilliyimizin ilk illərində ölkəmizin ağır ictimai-siyasi vəziyyətdən xilas olmasında, müstəqilliyimizin qorunmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyimiz qorunmuş və möhkəmləndirilmişdir.
Vurğulanmışdır ki, bu gün Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə siyasi və iqtisadi yüksəlişə nail olunmuş, Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilmişdir.
Mərasim bayram konserti ilə başa çatmışdır.