Cəlilabadda Milli Qəhrəman yad edilib

 

77

Cəlilabad Rayon Mədəniyyət Evində Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş Milli Ordunun zabiti Fərid Əhmədovun həyat və döyüş yolundan bəhs edən “Hay ver mənə, leytenant” sənədli filminin təqdimatı keçirilmişdir.
Xalq.az  xəbər verir ki, mərasimdə F.Əhmədovun doğmaları və yaxınları ilə yanaşı, yerli icra strukturlarının və ictimaiyyətin nümayəndələri, KİV təmsilçiləri də iştirak etmişlər. Təqdimat mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Asif Əzizov, Fərid Əhmədovun anası Nərgiz xanım müqəddəs torpaqlarımız uğrunda şəhid olan əsgər və zabitlərin xatirəsini əziz tutduğuna görə dövlətimizin başçısına və filmin yaradıcı kollektivinə minnətdarlıqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda doğulmuş F.Əhmədov Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu idi. 2009-cu ildə öz ərizəsi ilə Tərtərə – döyüş bölgəsinə təyinat almış, nümunəvi xidmətinə görə qısa bir zamanda baş leytenant rütbəsinə yüksəlmiş, kəşfiyyat bölüyünün komandiri təyin edilmişdi. Cəsur döyüşçü 2010-cu il sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində – Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuşdur.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 7 noyabr tarixli Sərəncamı ilə baş leytenant Fərid Güloğlan oğlu Əhmədov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilmişdir.
Daha sonra sənədli filmin nümayişi olmuşdur. Filmin ssenari müəllifi Kəmalə Mirzəyeva, Fərid rolunun ifaçısı Elvin Qasımovdur. Ekran əsərində Fərid Əhmədovun uşaqlıq, gənclik və hərbi xidmətdə olduğu illərlə bərabər, dostlarının, yaxınlarının və müəllimlərinin xatirələri də yer almışdır.
Hərbi-vətənpərvərlik ruhunda çəkilmiş film tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.