CƏMIYYƏT TÜRK SƏNƏTÇISI TƏRTƏR RAYONUNUN FƏXRI SAKINI OLUB

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən Ramazan bayramı münasibətilə “Qarabağdan Anadoluya könül körpüsü”  adlı layihəsi çərçivəsində ölkənin ön cəbhəsi olan Tərtər rayonunda  tədbir və konsert proqramı keçirilib.

Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayeva, 12 May” Groupun təsisçi-rəhbəri Hacı Səbuhi Rəcəb, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Türkiyənin tanınmış sənətçisi Başkal və Azərbaycanın Əməkdar artisti Elza Seyidcahan  iştirak ediblər. Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı  Ceyhun Cəfərov hər kəsi Ramazan bayramı münasibətilə təbrik etib və öz səmimi arzularını ifadə edib.

Hər kəsi Ramazan bayramı münasibətilə təbrik edən tədbirin təşkilatçısı, millət vəkili Qənirə Paşayeva hər kəsə bütün dualarına çatmalarını diləyib. Ramazan ayı və bayramının hikmətləri barədə çıxış edən millət vəkili hər bir azərbaycanlının özü ilə bərabər ölkəmiz və millətimiz üçün də dualar etdiyini vurğulayıb.

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu  İB-nin və “12 May” Groupun dəvəti ilə  ilk dəfə Azərbaycana gələn Türkiyənin tanınmış sənətçisi Başkal Azərbaycan və Türkiyənin  “bir millət iki dövlət”  olduğunu  və  özü ilə bərabər Türkiyədəki bütün qardaş və bacıların salam, sevgi və təbriklərini gətirdiyini deyib: “Türkiyə və türk xalqı hər zaman sizin yanınızda olub və bundan sonra da olacaq. İnşallah bu cür gözəl görüş və tədbirləri Dağlıq Qarabağda da keçirəcəyik”.

Bu torpaqları və Azərbaycanı özümə vətən hesab edirəm və onun üçün şəhid olmağa da hazıram deyən Türkiyənin tanınmış sənətçisi Başkala Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov tərəfindən Tərtərin fəxri vətəndaşı sənədi təqdim olunub. Bununla yanaşı tanınmış sənətçiyə İcra başçısı Ceyhun Cəfərov və millət vəkili Qənirə Paşayeva tərəfindən Türk Dövlətlərinin bayraqları və Dədə Qorqudun əksi təsvir edilmiş rəsm əsəri, Azərbaycanın bayrağı və əzmkarlıq rəmzi olan simvolik xəncər təqdim edilib.

Qeyd edək ki, sonra tədbir konsert proqramı ilə davam edib və Türkiyəli sənətçi Başkalın ifa etdiyi mahnılar tərtərlilər tərəfindən alqışlarla qarşılanıb.