Cənab İlham Əliyevlə möhtəşəm uğurlara doğru!

XALQ,AZ xəbər verir ki, Oğuz rayonunda Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Kərimli və Qarabaldır kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Mərkəzi Seçki Qərargahı Oğuz rayon şöbəsinin sədri Saleh Məhərrəmov çıxış edərək vurğulayıb ki, indiyədək ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri ədalətli, şəffaf və demokratik şəraitdə baş tutub və beynəlxalq miqyasda təqdirlə qarşılanıb: “Hazırkı reallıqlar, yəni mövcud şərait, məhz aprelin 11-də keçiriləcək prezident seçkilərinin də demokratik standartlara uyğun baş tutacağını, Azərbaycanın demokratik ənənələrə sadiq qalacağını söyləməyə əsas verir. Cənab İlham Əliyevin 2003-cü ildən indiyə qədər ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycan sabitlik adası kimi səciyyələndirilib”.

Görüşdə çıxış edən Milli Məclisin komitə sədri Aqiyə Naxçıvanlı qeyd edib ki, YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdə Azərbaycan hərtərəfli və sürətli inkişaf tempi əldə edib. Ölkə daxilində bütün sahələr üzrə əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edəcək uğurlu siyasət reallaşdırılıb.

YAP Mərkəzi Seçki Qərargahı Oğuz rayon təbliğat-təşviqat qrupunun üzvləri Emin Əzimli və Fərrux Əbilov çıxış edərək, vurğulayıblar ki, prezident seçkilərinə sabitlik şəraitində gedir və qazanılan bütün uğurlar xalqın alternativsiz namizədi olan Cənab İlham Əliyevin növbəti möhtəşəm və parlaq qələbəsini təmin edəcək mühüm faktorlardan biri olacaq.

Görüşlərdə çıxış edən seçicilərdən Sahib Camıyev, Ələddin Nəcməddinov, Həzi Hacıbabayev Cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin xalq tərəfindən, birmənalı şəkildə dəstəkləndiyini qeyd edərək, seçiciləri 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində YAP-ın namizədi İlham Heydər oğlu Əliyevə səs verəcəklərini bildiriblər.

 

Elgün