“Cənub bölgəsinin gəncləri hər zaman dövlətinə, xalqına bağlı olub”

Xəbər verdiyimiz kimi Masalı rayonu 40.3% səs toplayaraq, 23.4% səs toplayan Lənkəran rayonunu geridə qoyaraq, “Gənclər Paytaxtı 2020” adını qazanıb. Səsvermədə Azərbaycanın 16 şəhər və rayonu iştirak edirdi. Bu ilki səsvermə iki region Masallı və Lənkəran arasında gedən gərgin mübarizə ilə yadda qalıb. Belə ki, sesvermənin davam etdiyi 7 gün ərzində Lənkəran rayonu ön sıralarda yer almaq üçün mübarizə aparıb. Lakin səsvermənin ilk günlərində Masallı rayonu birinci sıraya keçib və səsvermənin sonuna kimi liderlik mövqeyini əldən verməyib. Nəticədə, Masalı rayonu 40.3% səs toplayaraq, 23.4% səs toplayan Lənkəran rayonunu geridə qoyaraq, “Gənclər Paytaxtı 2020” adını qazanıb.

XALQ.AZ xəbər verir ki, beşinci çağırış Milli Məclisin deputatı Cavanşir Paşazadə məsələ ilə bağlı danışıb.

“Masallı rayonunun “Gənclər paytaxtı” seçilməsi oradakı gənclərin fəallığının müsbət nəticəsidir. Cənub bölgəsinin gəncləri hər zaman dövlətinə, xalqına bağlı olub. Hətta onlar dövlətimizin müstəqilliyi uğrunda bir an belə tərəddüd etmədən canlarından belə keçməyə hazırdılar. 90-cı illərdə müstəqilliyimizin qorunması uğrunda gedən döyüşlərdə vuruşanların bir çoxu məhz cənub bölgəsindən olan gənclər idi. Lənkəran və Masallı gəncləri hər zaman ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab prezident İlham Əliyevin ətrafında sıx birləşərək, dövlətçilik ənənələrinin inkişafı üçün çalışırlar. Ümumiyətlə, cənub bölgəsinin camaatı dövlətimizin inkişafında hər zaman fəal iştirak edib. Gənclər bizim gələcəyimizdir.