“Çətin sınaqlardan sonra siyasi hakimiyyət-xalq birliyi daha da möhkəmlənir”

“Biz aztəminatlı ailələrin problemlərini daha geniş şəkildə həll etməliyik. Bu günə qədər biz nəzərdə tuturduq ki, karantin rejimi aprelin 20-dək davam edəcək, ancaq indi uzadılacaq. Yardım üçün müraciət edənlərin sayı kifayət qədər artmışdır. İndi bu təkliflər, sifarişlər geniş təhlil olunur və maksimum şəffaflıq təmin olunmalıdır.”

XALQ.AZ xəbər verir ki, millət vəkili Nəsib Məhəməliyev mövzu ilə bağlı öz facebook səhifəsində yazıb.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprel ayının 17-də iqtisadiyyat və əmək və əhalinin sosial müdafiə nazirliklərinin iştirakı ilə keçirdiyi müşavirədə səsləndirmişdir.

Cənab Prezidentin, koronovirus pandemiyası ilə əlaqədar imkansız ailələrə dövlət tərəfindən edilən 190 manat yardımın, əvvəl qəbul olunmuş qərara görə 200 min insana yox, 600 min insana verilməsi barədə tapşırıq verməsi ölkə əhalisi tərəfindən çox yüksək qiymətləndirildi.

Müşavirədə verilən digər tapşırıqlarla bərabər, belə bir həssas zamanda, dövlətin imkansız vətəndaşının yanında yer alması, istənilən cəmiyyət üçün tipik sayıla biləcək sosial-psixoloji gərginliyin aradan qaldırılmasına xidmət edir. Respublikaya rəhbərlik etdiyi illər ərzində, ölkə Başçısı dəfələrlə, müxtəlif texnogen hadisələr zamanı öz xalqının yanında olduğunu,qarşıda duran problemlərin operativ qaydada həllini təmin etmiş,bir çox məsələlərdə isə, uzaq görənliklə, qabaqlayıcı tədbirlər görmüşdür. Bütün bunlar haqlı olaraq xalq tərəfindən qiymətləndirilir və bu tipli çətin sınaqlardan sonra siyasi hakimiyyət-xalq birliyi daha da möhkəmlənir.

TƏŞƏKKÜRLƏR CƏNAB PREZİDENT!!!

Karantin rejimi tətbiq olunduqdan sonra, bir çox insanlarımız iş yerlərini müvəqqəti də olsa itirmək məcburiyyətində qaldıqlarına görə, ələlxüsus əhalinin maddi cəhətdən imkansız hissəsi səbrsizliklə dövlətin müəyyən etdiyi 190 manat məbləği gözləyirdilər. Etiraf etmək lazımdır ki, əvvəl elan olunmuş 200 min insan problemi həll etməməklə yanaşı, cəmiyyətdə bəzi narazılıqlara səbəb olurdu. Bu barədə, konkret olaraq əmək və əhalinin sosial müdafiə nazirliyinin, sözü gedən kateqoriyadan olan insanlarla bağlı siyahının genişləndirilməsinə zərurətin olduğunu bildirmişdim. Şükürlər olsun ki, ölkə Prezidenti xalqın nigarançılığını aradan götürdü və icraçılara maksimum şəffaflığın təmin olunmasını tapşırdı.

Bəşəriyyətin pandemiya ilə mübarizə apardığı, dünya siyasi düzəninin dəyişməsindən tutmuş, yeni iqtisadi- siyasi, ictimai münasibətlərin formalaşdığı bir dövrdə hər bir məmurdan yüksək səviyyəli insanlıq nümunəsi, şəffaflıq, dürüstlük tələb olunur.

Ədalətli qərarların qəbul olunması isə, məmurların hazırladığı və təqdim etdikləri məlumatlardan bilavasitə asılıdır.