Çağlayan sevincin səsi…

Bir neçə gün öncə “İbrahimin olmayan qarmonunun naləsi” adlı bir yazını oxucularımızın diqqətinə çatdırmışdıq. Məqalədə on dörd yaşlı İbrahimin 8 aylığından xroniki pnevmaniya keçirtməsindən, atasız böyüməsindən, anası Vüsalə xanımı onu yeddi-səkkiz aylığından bir qarın ac, bir qarın tox kirayələrdə böyütdüyündən bəhs etmişdik.
http://analoq.az/sosial/9610-brahimin-olmayan-qarmonunun-nalesi.html
Eyni zamanda qeyd etmişdik ki, İbrahimin bədənində çoxlu şişlər var. Məktəbə gedə bilmir. Həkimlər ona ev şəraitində dərs oxumağı məsləhət görürlər. Anası Vüsalə xanım da xəstədir. Ağır astma xəstəliyindən əziyyət çəkir. Dövlətin İbrahim və anasının xəstəliyinə görə ayırdığı pensiya 280 manat civarındadır.

İbrahimin musiqiyə olan həvəsini görən anası onu qarmon kurslarına yazdırır.Qarmonun sirrlərini öyrənən İbrahim musiqi biliklərini daha da təkmilləşdirmək üçün ona lazım olan qarmonu olmadığından dərslərindən geri qalırdı.

İbrahimin bir çox yetənəyi var. Amma istedad hər şeyi həll eləmir.

Yardıma tələsdik. Çağrış etdik. Məqaləylə bir neçə millət vəkilinə, iş adamına müraciət etsək də çoxları bu çağırışı duymadılar. Söz versələr də sonra zənglərimizi cavabsız qoydular.

Dünya yaxşılardan, xeyrxahlardan xali deyil. “Asiya Fakt İnformasiya Agentliyinin redaktoru, “Sizi Tanıyaq ” layihəsinin rəhbəri , dəyərli həmkarım Vüsalə Qələndərlinin sayəsində bu gün millət vəkili Aydın Mirzəzadə İbrahimin qarmon arzusunu reallaşdırdı. Aydın müəllim bu xeyirxah addımıyıa ən azı İbrahim qədər bizi də sevindirdi.

Bəzi pullu-paralı kişilər yetim, yoxsul uşaqlara şirni-şəkər aparanda, bir dəstə dəstə də mətbuat işçisi qoşulur ona. Aydın Mirzəzadənin xahişi isə bu təqdimatın şişirdilməməsi idi.

Sevindiyimizdən İbrahimin anasına zəng edib gözaydınlığı verdik.Hörmətli millət vəkilimizə isə həm öz adımızdan, həm də çoxsaylı “Analoq.az” saytı oxucuları adından dərin təşəkkürümüzü bildiririk. Bir kimsəsiz uşağı sevindirməyin savabı Aydın müəllimə yetər.

Uilyam Şekspirin bir hikmətli kəlamı ilə yazımıza son veririk: Gələcəyimiz üçün ən yaxşı sərmayə etdiyimiz yaxşılıqlardır. Tanrı əvəzini versin.

Orxan