Cavanşir Feyziyev seçicilərlə yenidən görüşdü – FOTO

MM üzvlüyünə namizəd Cavanşir Feyziyevin Parlament seçkiləri ilə bağlı təşviqat işləri davam etdirilir.

Bu barədə XALQ.AZ-a namizədin Seçki Qərargahından məlumat verilib:

“Şəkinin Baş Küngüt və Aşağı Küngüt kəndlərində də əhali seçki öncəsi təşviqata böyük maraqla yanaşırlar. Hər iki kənddə yüzlərlə insanın qatıldığı görüşlər böyük ruh yüksəkliyi şəraitində keçdi. Namizədin vəkilləri, əməkdar jurnalist Akif Salam, jurnalist Ələddin Əsədzadə və başqaları Cavanşir Feyziyevin keçən 9 il ərzində Milli Məclisin üzvü kimi fəaliyyətini şərh edərək, onun həm seçki dairəsi ərazisində, həm də beynəlxalq parlamentlərarası əlaqələr sahəsində fəal iş apardığını seçicilərin diqqətinə çatdırdılar.

Deputatlığa namizəd Cavanşir Feyziyev seçicilər qarşısında çıxış edərək, ölkədə aparılan genişmiqyaslı islahatlardan – mühüm kadr islahatlarından, icbari tibbi sığortanın tətbiqinə başlanılmasından, aqrar sahədə kənd əhalisinə göstərilən dövlət dəstəyindən danışaraq dövlətin daxili və xarici siyasətinin əsas istiqamətləri haqqında geniş məlumat verdi. Toplantıda çıxış edən kənd sakinləri deputat Cavanşir Feyziyevlə müntəzəm ünsiyyətdə olduqlarını, onun fəaliyyətindən razı qaldıqlarını və növbəti seçkilərdə də Cavanşir Feyziyevi dəstəkləyəcəklərini qeyd etdilər.  Hər kənddə 3 saatdan artıq davam edən görüşlərdə onlarla kənd ziyalıları çıxış edərək, Cavanşir Feyziyevə 6-cı çağırış Milli Məclis seçkilərində uğurlar arzuladılar. Sonda Cavanşir Feyziyev Küngüt seçicilərinin etimadını doğruldacağına və onları ölkənin ali qanunvericilik orqanında layiqincə təmsil edəcəyinə söz verdi”.

XALQ.AZ