Cavanşir Feyziyev Şirinbulaq sakinləri ilə görüşüb – FOTO

Şəkidəki 115 saylı seçki dairəsindən deputat seçilmiş Cavanşir Feyziyev 29 may 2020-ci ildə dairənin Şirinbulaq kəndində seçicilərlə görüşüb.

XALQ.AZ xəbər verir ki, Şirinbulaq kəndi Şəkinin dağlıq ərazisində və yol-nəqliyyat infrastrukturundan qismən kənarda yerləşən ucqar kəndlərdən biridir. 2019-cu ilin yay aylarında deputatla görüş zamanı sakinlər kənddə telefon rabitəsinin olmadığını, ətrafdan keçən magistral yollara qədər olan 13 km-lik məsafənin torpaq yol olduğunu və pis hava şəraitində kəndə giriş-çıxışın çətinləşdiyini bildirmişdilər. Həmin vaxt deputatın müvafiq qurumlara müraciətindən sonra kənddə mobil rabitə operatoru Bakcell tərəfindən siqnal qəbuledici antena quraşdırılıb və Şirinbulaq kəndini Əlyar kəndi ilə birləşdirən yeni asfalt yolun çəkilişinə başlanıb. Deputat yol çəkilişi ilə bağlı aparılan işlərlə yerində tanış olub. Hazırda eni 10 m olacaq yeni asfalt yolun çəkilməsi üçün qazıntı və bərkitmə işləri aparılır. Dağlıq ərazidə yeni yolun çəkilişi üçün əraziyə çoxsaylı xüsusi texnika gətirilib. Kənd sakinləri kənddə görülən abadlıq işlərinə görə prezident İlham Əliyeva minnətdarlıqlarını bildiriblər. Görüşdə həmçinin xüsusi karantin rejimində kənd sakinlərinə göstərilən humanitar yardım, aztəminatlı ailələrin ictimai işlərə cəlb olunması və s. məsələlər müzakirə olunub. 90-cı illərdə kəndi tərk edib Rusiyaya getmiş kənd sakinlərinin artıq geri qayıtmağa başladığı bildirilib. Vətəndaşlar həmçinin kənddə yeni məktəb binasının tikilməsinə ehtiyac olduğunu bildiriblər. Mövcud məktəb binasına baxış keçirilib və müvafiq qurumlar qarşısında yeni məktəb binasına ehtiyac olması haqqında məsələ qaldırılması qərara alınıb. Görüşdə kənd icra nümayəndəsi və bələdiyyə sədri də iştirak edib.

Mayın 30-da deputat Cavanşir Feyziyev seçicilərlə görüşlərini  Şəki şəhərində davam etdirib. Deputatın Şəkidə yerləşən qəbul ofisində  vətəndaşların fərdi qəbulu keçirilib. Deputat öncədən məktubla fərdi görüş arzusu ilə müraciət  etmiş 14 seçici ilə təkbətək görüşüb. Görüşlərdə vətəndaşlar şəxsi məsələləri ilə bağlı – əsasən yaşadıqları ev və mənzillərin qəzalı vəziyyətdə olması, bank kreditlərinin ödənilməsi, şəhidlik statusunun təsdiq edilməsi, sosial pensiya təminatı, iş yerləri və məhkəmə qərarları ilə bağlı üzləşdikləri problemləri müzakirə ediblər. Deputat səsləndirilən şikayətlərlə bağlı müvafiq dövlət qurumlarına müraciət ediləcəyini və vətəndaşları narahat edən suallara aydınlıq gətirələcyini vəd edib. Görüşlərdə deputatın köməkçisi Akif Salamov iştirak edib.

XALQ.AZ