Cavanşir Paşazadə: “Verilən qərarlar insanlarımızın sağlamlığının qorunması və sosial rifahının yaxşılaşdırılmasına xidmət edir”

“Bu gün xalqımız ölkə başçısı cənab İlham Əliyevə inanır və onun uğurlu siyasətini dəstəkləyir”.

Bunu XALQ.AZ -a deputat Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, bu gün bütün dünya iqtisadiyyatı koronavirusa görə çökmüş vəziyyətdədir: “Cənab prezidentimizin uzaqgörən siyasəti nəticəsində koronavirusun ölkəmizdə yayılmasının və iqtisadiyyatımıza təsirinin qarşısı alındı. Bu çətin günlərdə xalqının yanında olan cənab prezidentimiz insanlarımızın sosial rifahını kənar təsirlərdən qorumaq üçün çox mühüm qərarlar verdi. Belə ki, cənab prezidentimiz koronavirusun ölkə iqtisadiyyatına və insanlarımızın yaşayışına təsirini minumuma endirmək üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılması ilə bağlı sərəncam imzaladı. Bu inqilabi bir sərəncam idi. Bir neçə gün öncə “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Bu plana uyğun olaraq 304 min muzdlu işçinin əmək haqları dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti 100 KVt/saat artırılaraq limiti 300 kVt/saatdan 400 kVt/saata çatdırıldı. Bundan əlavə imkansız tələbələrin təhsil haqqı dövlət hesabına ödəniləcək. Ən önəmlisi isə işsiz kimi qeydiyyatda olan vətəndaşların hər birinə 190 manat vəsait ödəniləcək. Bundan əlavə Azərbaycanda ilk dəfə olaraq tibbi maska istehsal edən müəssisə fəaliyyətə başladı. Ölkə başçısı tərəfindən verilən qərarlar və atılan addımların hər biri insanlarımızın sağlamlığının qorunması və sosial rifahının yaxşılaşdırılmasına xidmət edir”.

Deputat vurğulayıb ki, təəssüf ki, bu gün yaranmış vəziyyətdən öz xeyirlərinə istifadə etməyə çalışan sapı özümüzdən olan baltalar da az deyil: “Onlar müxtəlif yalanlarla insanlarımızı aldadaraq ölkəmizin inkişafını qəbul etməyən ermənipərəst qüvvələrin tapşırıqlarını icra etməyə çalışırlar. Xaricdən maliyyələşən və dövlətini, xalqını hər an satmağa hazır olan bu şəxsləri nə insanlarımızın sağlamlığı nə də ölkəmizin təhlükəsizliyi maraqlı deyil. Onlar müxtəlif yollarla öz ciblərini doldurmağa çalışırlar. Əlbəttə bu gün xalqımız onların oyunlarından xəbərdardır. Məhz ona görə də insanlarımız cənab prezidentin ətrafında sıx birləşərək bu cür vətən xainlərlə mübarizə aparır. Çünki xalqımız onların 90-cı illərdə ölkəmizin başına gətirdikləri müsübətləri unutmayıblar. İnsanlarımız yaxşı bilir ki, cənab prezidentimizin uğurlu və uzaqgörən siyasəti nəticəsinə ölkəmizdə əminamanlıq höküm sürür. Vicdanını pula satan və xaricdə oturub ölkəmizə qarşıqarayaxma kampaniyası aparanlar heç vaxt öz məkirli siyasətini reallaşdıra bilməyəcək. İnanıram ki, Azərbaycan cənab prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza ataraq, günbəgün daha da güclənəcək. Məncə hər birimiz cənab İlham Əliyev kimi mərd, xalqına bağlı ölkə başçısının idarə etdiyi dövlətin vətəndaşları olduğumuza görə çox xoşbəxtik”.