Cavid Osmanov: “Bu hallara qarşı çox ciddi tədbirlər görüləcək”

Cavid Osmanov

“Bugünkü dinamika sosial məsuliyyətini dərk etməyən insanların nəticəsində mənfiyə doğru gedir. Belə davam etdiyi halda sərtləşmə qaydaları həyata keçiriləcək”.

Bu sözləri açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü deputat Cavid Osmanov deyib.

Millət vəkili bildirib ki, 7 may tarixində Prezident İlham Əliyev yeni 10 modul tipli xəstəxanaların birinin açılışında iştirak etdi və eyni zamanda ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bu açılışda öz yerini tutdu: “Prezident İlham Əliyev açılışda koronavirus pandemiyasına qarşı ölkədə həyata keçirilən tədbirlər, aparılan qapaqlayıcı işlər, pandemiya dövründə həyata keçirilən tədbirlər, karantin rejimi və xüsusi qaydalarla bağlı bir daha geniş nitq söylədi və vurğuladı ki, ölkəmizdə pandemiyaya qarşı mübarizə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də bir neçə dəfə yüksək qiymətləndirilib. ÜST-ün rəhbəri Prezident İlham Əliyevə xüsusi minnətdarlığını da bildirmişdir ki, bu istiqamətdə işlər yüksək səviyyədə həyata keçirilir.

27 apreldən etibarən karantin qaydalarının yumşaldılması ilə bağlı addımlar atıldı. Sərt karantin rejiminin qaydalarının yumşaldılması Bakı, Sumqayıt, Abşeron, Lənkəran və Gəncə istisna olmaqla bütün digər bölgələrdə həyata keçirildi. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qaydalara müəyyən dəyişikliklər edildi. Karantin rejiminin yumşaldılması o demək deyil ki, virus təhlükəsi bitib və ölkəfə virusa yoluxma halları başa çatıb. Prezident təəssüf hissi ilə qeyd etdi ki, insanların yumşalmadan istifadə edərək qoruyucu vasitələrdən istifadədən imtina edirlər və zərurət olmadan evdən çölə çıxırlar, sosial məsəfəni qorumurlar. Bütün bunlar da təbii ki, 27 apreldən sonrakı dinamikanın mənfi istiqamətdə dəyişməsinə səbəb oldu”.

Cavid Osmanov qeyd edib ki, son günlər virusa yoluxanların sayı virusdan sağalanların sayından da çoxdur:

“Artıq, mənfi dinamika gedir. Prezident təəsüflənərək vurğuladı ki, əgər bəzi vətəndaşlarımız sosial məsuliyyətini dərk etmədən əvvəlki qaydada fəaliyyətlərini bərpa etməsi yolverilməzdir və bu hallara qarşı çox ciddi tədbirlər görüləcək. Əgər dinamika bu cür davam etsə karantin rejimi əvvəlki qaydada sərtləşdiriləcək. Bu da insanlara çətinliklər yaradacaq.

Bu yumşalma qaydaları ona görə tətbiq edildi ki, insanlar köhnə həyatlarına qayıda bilsinlər. Çox təəsüflər olsun ki, bugünkü dinamika sosial məsuliyyətini dərk etməyən insanların nəticəsində mənfiyə doğru gedir. Bunun qarşısı qətiyyətlə alınacaq. Belə davam etdiyi halda sərtləşmə qaydaları həyata keçiriləcək”.