Çavuşoğludan Əliyevə: Siz də olsaydınız, eynisini edərdiniz…

Türk Şurasına sədrliyi uğurla davam etdirən Azərbaycanın türk dünyasının birliyi üçün töhfələrini ən yaxından bilən bizlərik. Bu baxımdan Zirvə Görüşü çox uğurla keçmişdir. Sizin sədrliyinizlə bu Zirvə Görüşündə qəbul edilən qərarlar nəticəsində, inşallah, sabah Xarici İşlər nazirləri olaraq biz də toplantımızı keçirəcəyik və dostlarımızla işlərimizi görəcəyik.

XALQ.AZ xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Prezident İlham Əliyevlə görüşdə bildirib.

“Hörmətli cənab Prezidentimiz, Çindən bizim vətəndaşlarımızla birlikdə gələn azərbaycanlı qardaşlarımız üçün bizə təşəkkür etməyinizə ehtiyac yoxdur. Çünki biz bir millətin övladlarıyıq. Ümummilli lider, cənnətməkan Heydər Əliyev atamızın da dediyi kimi, biz iki dövlətik, amma bir millətik. Beləliklə, əlbəttə, o qardaşlarımızı, canlarımızı bizim vətəndaşlarımızdan ayrı tuta bilməzdik, orada qoya bilməzdik. İndi Türkiyədə də rahatdırlar, yaxşıdırlar, mənə də yazırlar, əlaqələrimiz var. Siz də olsaydınız, eynisini edərdiniz.

Bundan başqa, Avropa Şurasında olsun, digər platformalarda olsun, əlbəttə, bir-birimizi dəstəkləyəcəyik. Siz dediyiniz kimi, hörmətli cənab Prezidentimiz, ikili standart hər yerdə var. Təəssüf ki, ideologiyalara boyun əyən təşkilatlar var. Bunlardan biri də Avropa Şurasıdır. Yeni baş katibə, yeni sədrə, hamısına deyirik ki, mövqeyinizi itirirsiniz, bunları düzəltmək üçün biz töhfə verə bilərik. Amma hazırda təəssüf ki, vəziyyət budur”, – Çavuşoğlu vurğulayıb.