Cebhe.info 5 yaşında, “Cümhuriyət”in nəşrini bərpa etməsindən 5 il ötür

Bu gün Cebhe.info xəbər portalının yaranmasının, media məkanında öz tarixi olan “Cümhuriyət” qəzetinin nəşrini bərpasının isə 5 ili tamam olur. Bu 5 iI ərzində azad media prinsipləri çərçivəsində fəaliyyət göstərdik, oxuculara operativ, əhatəli xəbər çatdırdıq. Xəbər məkanında çeviklik, obyektivlik, dəqiqlik nümayiş etdirdik.

Məhz bu səbəbdən Cebhe.info 5 il ərzində istinad edilən xəbər portallarından birinə çevrildi və özünəməxsus oxucu auditoriyasını formalaşdırdı. İnformasiya işində tərəfsiz olduq, vətənimizi sevdik. Onu güclü, demokratik, bütöv görmək istədik. Bu, bizim dəyişməz amalımızdır. Həm Cebhe.info xəbər portalı, həm də “Cümhuriyət” qəzeti olaraq biz bu təməl prinsiplərə sadiq qaldıq. Bizim üçün ən alı məqsəd millətimizin məqsədidir, ərazi bütövlüyümüzdür, dövlətimizin güclü olmasıdır. Saytın fəaliyyəti hər zaman xaricdən maliyyələşən, milli dövlətçiliyə, milli maraqlarımıza qarşı çıxan dairələri narahat edib.

Dəfələrlə fəaliyyətimizə maneələr yaradılıb. Sosial şəbəkələrdə xəbərlərimizin yayılmasına əngəllər yaradılıb, şikayət olunmuşuq. Saytımız Azərbaycanı sevməyən dairələrin sifarişi ilə haker hücumuna məruz qalıb. Lakin ruhdan düşmədik, xəbər məkanında yerimizi qorumaq, cəmiyyətdə səsimizi eşitdirmək, milli ideologiyamızı yaymaq üçün yorulmadan mübarizə apardıq. Bu illər ərzində çoxlu dostlar və oxucu, izləyici sevgisi, etimadı qazandıq. İnsanlarr dərdlərini güvənib bizə dedilər. 5 ildə uğurlarımız çoxdur.

Artıq xəbər məkanında Cebhe.info-nun, “Cümhuriyət” qəzetinin özünəməxsus oxucu kontingenti formalaşıb. 5 ildə Cebhe.info və “Cümhuriyət” qəzeti jurnalistikaya yenicə başlamış gənc istedadlar üçün məktəb oldu. Artıq imzası kifayət qədər tanınmış yetirmələrimiz var.

Bu gün Azərbaycan mediasında Cebhe.info və “Cümhuriyət” “şinelin”dən çıxmış istedadlı jurnalistlər, müxbirlər, redaktorlar var. 5 il media üçün qısa dönəmdir. Gediləsi uzun yolumuz, xəbər portalının və qəzetin inkişafı ilə bağlı arzularımız var. Cənubi Qafqazın ən oxunaqlı saytlarından biri olmaq istəyirik. “Cümhuriyət”i hər gün çıxan rəngli qəzetə çevirməkdir arzumuz.

Azərbaycanı torpağının hər qarışında suveren hüququ bərpa olunmuş, hər bir vətəndaşın rifah içərisində yaşadığı bir dövlət olaraq görmək istəyirik. Bu yolda dövlətimizin yanında olmağa hazırıq. Xalqı narazı salan, qanunlara qarşı gələn hər kəsin qarşısında olacağıq. Cəbhədən – Qarabağdan qələbə xəbərini vermək arzusu ilə!

Həmkarlarımızı təbrik edir, uğurlar arzulayırıq!