Ceyhun Bayramov görüş keçirib

Təhsil naziri Ceyhun Bayramov dekabrın 19-da Şəki şəhərində yeni istifadəyə verilmiş 11 saylı tam orta məktəbin akt zalında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, görüşdə Təhsil naziri hər bir şəxsin formalaşmasında, təhsilin keyfiyyətinin yüksəldilməsində müəllimin mühüm rolundan danışıb.

Ceyhun Bayramov son illər dövlətimizin başçısının rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatlardan danışıb, müəllimlərin əməkhaqqının artırılması və peşə nüfuzunun qaldırılması ilə bağlı görülən tədbirlərin müsbət nəticələrini diqqətə çatdırıb. Müəllim peşəsinə marağın artdığını vurğulayan nazir bildirib ki, 5 il əvvəl müəllimlərin mərkəzləşdirilmiş işə qəbulu imtahanlarında iştirak üçün 12 min nəfər qeydiyyatdan keçirdisə, cari ildə bu göstərici 50 minə çatıb. Ali təhsil müəssisələrinə qəbulda yüksək nəticə göstərənlərin arasında hər 4 nəfərdən biri müəllim ixtisasını seçib.

Müəllimlərin peşə keyfiyyətindən söz açan Təhsil naziri vurğulayıb ki, yaxşı müəllim təkcə ixtisasını mükəmməl bilən deyil. Müəllimin şagirdə münasibəti də əsas amildir. Müəllim şagirdlə düzgün münasibət qurmağı bacarmalı, onların formalaşmasında səriştə və peşəkarlıq nümayiş etdirməlidir.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirən Təhsil naziri bu qurumun müəllimləri daha məhsuldar və səmərəli işləməyə həvəsləndirdiyini bildirib.

Görüşün sonunda gənc müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Orxan