“Cinayət gecə baş verdiyinə görə aça bilmədik”

Fazil Mustafa

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa son zamanlar Bakıda müşahidə olunan qanunsuz ağac kəsiminə prezidentin sərt formada reaksiya verməsinin ardından izahat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasını özünün “Facebook” səhifəsində ələ salıb, həm də nazirliyə məsləhətlərini verib.

XALQ.AZ olaraq deputatın statusunu olduğu kimi diqqətinizə təqdim edirik:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Prezedentin ağacların kəsilməsi ilə bağlı çıxışına verilən reaksiyadakı absurda diqqət yetirin: “Ağacları gecələr kəsirlər…” Demək ki, gecələr hər kəs istədiyini edə bilər və qarşısını almaq mexanizmləri yoxdur. Bu məntiqlə gərək Müdafiə Nazirliyi açıqlama versin ki, ölkəyə düşmən gecə hücüm etdiyinə görə bir şey edə bilmədik. Daxili İşlər Nazirliyi açıqlasın ki, cinayət gecə baş verdiyinə görə aça bilmədik. Fövqəladə Hallar Nazirliyi bildirsin ki, yanğın gecə olduğuna görə söndürə bilmədik. Nazirlik bilməlidir ki, dövlət həyatında rast gəlinən qanunazidd əməllərin gecə və ya gündüz baş verməsi fərq etməz. Çünki insanlar 8 saat işləyirlər, dövlət isə 24 saat işləyir”