Cinayət Məcəlləsinə yeni maddə əlavə edilir

Cinayət Məcəlləsinə yeni, 233-4-cü (Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili) maddəsinin əlavə edilməsi təklif edilir. “XALQ.AZ” xəbər verir ki, dəyişikliklər layihəsi parlamentin fevralın 19-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. 

233-4-cü maddəyə əsasən, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda cinayət nəticəsində vurulan ziyanın 2 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər təkrar, xeyli miqdarda ziyan vurmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət nəticəsində vurulan ziyanın 2 mislindən 3 mislinədək miqdarda cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.

Bu əməllər külli miqdarda ziyan vurmaqla, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulan ziyanın 3 mislindən 4 mislinədək miqdarda cərimə və ya 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Layihədə bildirilib ki, “Müvafiq qurğu” dedikdə, mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumi stifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən qurğu, “Əhəmiyyətli zərər” dedikdə, dövlət təhlükəsizliyinə təhdid yaradan zərərin vurulması, yaxud fiziki və ya hüquqi şəxslərə 10 min manatdan yuxarı, lakin 50 min manatdan artıq olmayan məbləğdə zərərin vurulması, “Xeyli miqdar” dedikdə, 50 min manatdan yuxarı, lakin 100 min manatdan artıq olmayan məbləğ, “Külli miqdar” dedikdə 100 min manatdan yuxarı olan məbləğ başa düşülür.

Qeyd edək ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilib. Telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla təşkil edilən qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin qarşısının alınması üçün texniki vasitələrdən, avadanlıqlardan və ya proqram təminatından istifadə etməklə telekommunikasiya operatoru və ya provayderi tərəfindən tədbirlərin görülməməsinə görə  vəzifəli şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə, hüquqi şəxslər  8000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.

Dəyişikliklər layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

 

Orxan