Çindən Azərbaycana daha çox turist gələcək

Milli Turizm Təbliğat Bürosunun dəstəyi ilə Bakı şəhərində Azərbaycan və Çin turizm şirkətləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

XALQ,AZ xəbər verir ki, bürodan verilən məlumata görə, sağlamlıq turizmi sahəsində ixtisaslaşan bu şirkətlər ilk dövrdə Azərbaycana Çindən iki minə yaxın turistin səfərini təşkil etməyi nəzərdə tutub. Yerli bazarı araşdıran çinli mütəxəssislərin rəyinə görə, onların vətəndaşlarını daha çox Naftalan cəlb edəcək. Tur paketlər 12 günü əhatə edəcək və bu müddət ərzində çinlilər Bakı və Naftalanda olacaqlar. Çinli mütəxəssislər vurğulayır ki, il ərzində təxminən 1 milyon çinli sağlamlıq turizmi məqsədilə ölkədən çıxır. Onlar daha çox orta və yaşlı nəslin nümayəndələridir.

Qeyd edək ki, əvvəllər çinli turistlər daha çox ümumi Cənubi Qafqaz vahid tur paketi çərçivəsində ölkəmizə səfər edirdilər. Yeni sazış isə yalnız Azərbaycana gəlişi nəzərdə tutur.

Milli Turizm Təbliğat Bürosunda Çin bazarının prioritet istiqamət olduğunu vurğulayırlar. Ötən ildən Azərbaycanın turizm potensialı daha intensiv təbliğ edilir. Azərbaycana sosial media jurnalistləri, blogerlər, turagentlər dəvət edilir, çinli partnyorlarla geniş layihələr qurulur. Məhz bunun nəticəsi olaraq yeni saziş də ərsəyə gəlib. Ötən il Çindən ölkəmizə gələnlərin sayı 10 min 258 nəfər olub.

 

Elgün