Cümhuriyyətin “Son iclas”ı

Ceyhun Alışlı AzərTAc

Yüz il sonra bədii obrazla qayıdan cümhuriyyətçilər
102 il əvvəl bu relyefdə demokratik və hüquqi bir dövlətin elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış Azərbaycanın milli azadlıq mübarizəsinin nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi. Bu gün müstəqil Azərbaycanın hər bir vətəndaşı başa düşür ki, mürəkkəb bir dövrdə yaranan və milli dövlətçiliyimizin tarixində özünəməxsus yeri olan Azərbaycan Xalq Cümhuriyyəti olduqca çətin şəraitdə fəaliyyət göstərsə də, xalqımızın həyatında iftixar dolu tarixi hadisəyə çevrildi. Millətimizin ziyalı övladları Cümhuriyyəti qurmaqla, böyük və azad xalqın övladları olduqlarını bir daha dünyaya nümayiş etdirdilər.
Buna görə də, Cümhuriyyətin yaranması və mövcudluğu uğrunda mübarizə aparmış şəxsiyyətlərin xatirəsi daim əziz tutulur və qurucu babalarımızın bizə miras qoyduğu dəyərlərə böyük ehtiram göstərilir. 
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı əsasında Cümhuriyyətin yaradılmasının 100 illiyi respublikamızda dövlət səviyyəsində qeyd edildi. Demək olar ki, hər bir vətəndaş dövlət başçısının bu Sərəncamını milli dövlətçilik tariximiz üçün yüksək ehtiramın nəticəsi kimi dəyərləndirdi. Dövlətimizin başçısı, eyni zamanda  2018 – ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. Bu baxımdan ölkə başçısının bilavasitə rəhbərliyi və tapşırığı ilə həyata keçirilən mədəni və tarixi əhəmiyyətli layihələr, dövlət proqramları, mədəniyyətimiz, milli dəyərlərimiz və tariximizlə bağlı beynəlxalq ictimaiyyətə dolğun məlumatların çatdırılması, eləcə də maarifləndirmə işlərinin aparılmasına rəvac verdi. Bu mənada, bir sıra təşkilat və təsisatlar da qeyd edilən istiqamətdə sözügedən proqram və tapşırıqlardan irəli gələn məsələlərin reallaşmasında yaxından iştirak edərək töhfələrini verdilər. Azərbaycan Prezidentinin Cümhuriyyətlə bağlı Sərəncamı həm hökumət orqanları və təşkilatlarda, həm də vətəndaşlarda müstəqilliyimizin 100 illik salnaməsinə dəyərli töhfələr verə bilmək məsuliyyətini ortaya qoydu. Bakı Media Mərkəzi tərəfindən ekranlaşdırılan və Azərbaycanının tarixinə ən böyük ehtiramın göstəricisi sayılan “Son iclas” bədii-sənədli filmi  sanballı töhfələrdəndi. Bu ekran əsəri Xalq Cümhuriyyətinin qurucularını 100 il sonra bədii obrazlarla bu günə qaytardı.
 Filmdə Cümhuriyyət qurucularının xalqımıza düşmənçilik edən qüvvələrə qarşı mübarizliyi əks olunur. Baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva olan “Son iclas”ın  məqsədi, 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini cəmiyyətə çatdırmaqdır. Filmin texniki, eləcə də yaradıcı heyəti yerli mütəxəssislər və peşəkar aktyorlardır. “Son iclas”ın ssenarisi bu günədək araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ümumilikdə, bu film layihəsi üzərində altı aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda çəkilişlər aparılıb. Filmin çəkiliş qrupu 100 nəfərə yaxın heyətdən ibarətdir. Ekran əsərində 50-dən çox peşəkar aktyor iştirak edir. Kütləvi səhnələrə isə 500-dək insan cəlb edilib. Layihə üzərində 700 nəfərlik heyət çalışıb. Bakı Media Mərkəzi Azərbaycanın istiqlal tarixinin şanlı bir səhifəsini ekranlaşdırmaqla, cəmiyyətimiz və tariximiz üçün faydalı bir işə imza atıb. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizi istəməyən qüvvələrə və onların havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və qətiyyətli mübarizəsi əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu qeyd edilir. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına örnək olduğu ön plana çəkilir. Ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, quruluşçu rəssamı Şahin Həsənli olan bu filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə aparılıb.
Sovet tarixşünaslığının Cümhuriyyətlə bağlı uzun illər çoxlu təhriflərə yol verdiyini söyləyən rejissor M.Həsənov, əsl reallığın müxtəlif arxivlərdə araşdırma aparılarkən məlum olduğunu bildirir.
“O dövrdə sovet hökuməti insanlara təlqin edirdi ki, cümhuriyyət qurucuları hakimiyyəti guya müqavimətsiz təhvil veriblər. Ancaq biz bu ekran əsərində Cümhuriyyət qurucularının hansı çətin şəraitdə və hansı əhval-ruhiyyə ilə hakimiyyəti təhvil vermələrinin real mənzərəsini göstərməyə çalışmışıq. Cümhuriyyət döyüşçüləri Yalama yaxınlığında çox çətin bir döyüş yolu keçiblər. Biz filmdə bu səhnəni canladırmışıq. Bu döyüşdə Azərbaycan ordusunun 350-dək döyüşçüsü şəhid olub. Təbii ki, döyüşdə Qırmızı Ordu da itkilər verib. Təəssüf ki, bu faktla bağlı indiyədək vətəndaşlarımızda kifayət qədər ətraflı məlumat yox idi. Biz filmdə bu mənzərəni yaratmaqla insanları məlumatlandırmağa çalışmışıq. Ümumiyyətlə, film çəkilərkən Azərbaycan, Rusiya, Türkiyə, İngiltərə və Fransa arxivlərində saxlanılan tarixi sənədlərdən istifadə olunub”, – deyə filmin ssenari müəllifi söyləyib.Filmdə ən çox 1920-ci ilin mart və aprel aylarında yaşanan hadisələr əks olunur. Yəni bu dövrdə hansı proseslər gedib, hansı qərarlar qəbul edilibsə, filmdə onu canlı olaraq görmək mümkündür. İstər Cümhuriyyət tərəfdarları, istərsə də anticümhuriyyətçilər filmdə əyani şəkildə tamaşaçıya göstərilir. Tamaşaçı filmdə baş verənlərin son dərəcə fərqindədir. Filmin əsas epizodları son tarixi iclasın keçirildiyi indiki Əlyazmalar İnstitutunun yerləşdiyi binada ekranlaşdırılıb. Ekran əsərində Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə nəvəsi Rəis Rəsulzadə canlandırıb. Ekran əsərinin müəyyən epizodları, M.Ə.Rəsulzadənin xüsusən mühacirətdə olduğu yaşlı dövrü Türkiyədə çəkilib. 
Filmin tarixi əhəmiyyəti ilə yanaşı, maarifləndirici əhəmiyyəti də var. Ekran əsəri vasitəsilə gələcək nəsillərə çatdırılır ki, tarixən bizimlə heç vaxt düz gəlməyən erməni daşnakları məkrli və çirkin məqsədlərini həyata keçirmək üçün fürsət düşdükcə bizə qarşı əks fəaliyyətdə olublar. Filmdə belə bir nəticəyə də gəlirik ki, Dağlıq Qarabağ problemi ermənilərin uzunmüddətli planıdır və onlar o dövrdən etibarən regionda olan kataklizmlərdən istifadə edib məqsədlərinə çatmaq istəyirlər. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə qarşı mübarizliyi faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğunu tamamilə görmək olur. Müsəlman Şərqində ilk parlamentli respublikanın sonunu gətirən faciəvi hadisələrin işıqlandırıldığı “Son iclas”la Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin unudulmaz mərhələsi olduğu bir daha nümayiş etdirilir.
Əlbəttə, istiqlalımız və tariximizin ən şanlı səhifələrindən sayılan Cümhuriyyət adlı səhifədə xalqımızın arzuları, azadlıq, müstəqillik və milli birlik uğrunda mübarizə uğurları və qətiyyəti əks olunur.  Xalq öz keçmişini bilməyəndə, gələcəyini də bilmir və ya qura bilmir. Keçmiş isə, ilk növbədə, yaddaşlarda yaşayır. 
Cümhuriyyətin hökuməti insanlara çox şey verə bilməsə də, amma milli azadlığın nə olduğunu başa saldı.  Yəni deyildiyi kimi, ikiillik hürriyyət qovğası hər şeydən öncə, bizi özümüzə tanıtdı…